“3-4 babat transfer edilsə, “Neftçi” özünü toparlaya bilər”

3-4-babat-transfer-edilse-neftci-ozunu-toparlaya-biler
Oxunma sayı: 2004

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov bu gün "Neapol Palas"da keçirilən çəkiölçmə mərasimindən öncə brifinq keçirib.

Qafqazinfo” xəbər verir ki, o əvvəlcə sabah keçiriləcək beynəlxalq turnir haqda fikirlərini bildirib.

- Bildiyiniz kimi, Avropanın 5 ölkəsinin idmançısı bizimkilərlə döyüşmək üçün Bakıya gəlib. Almaniya, Hollandiya, Gürcüstan, Türkiyə və Belçikadan idmançılar bu döyüşlərdə iştirak edəcək. Bizim də tanınmış idmançılarımız - Eduard Məmmədov, Kamil Şərifov, Zaur Yusifov, Bəhram Rəcəbzadə və digərləri bu döyüşlərdə vuruşacaq. İdmançılarımızdan Ramal Aslanov və Pərviz Abdullayev hazırda Çinin paytaxtı Pekində beynəlxalq turnirdədirlər. Məhz bu turniri keçirməkdə də məqsədimiz odur ki, idmançılarımız Avropa arenalarında daha çox tanınsın, beynəlxalq turnirlərə dəvət alsınlar. Bunun üçün də AKF Azərbaycanda belə turnirlər keçirməyə çalışır. Sabah "Sərhədçi"də saat 4-də VFMC adlı beynəlxalq idman federasiyası ilə birgə bu turniri keçirəcəyik. İnanıram ki, yüksək nəticələr və nailiyyətlər əldə edəcəyik.

- Bu yarışda müxtəlif çəkilər üzrə döyüşlər olacaq?

- Bəli. Qızlardan ibarət idmançılar arasında da peşəkar döyüş olacaq. Qızlardan Aytən Ağayeva Gürcüstan idmançısı ilə döyüşəcək. Bununla da ilk dəfə bir qadın idmançımız beynəlxalq turnirdə iştirak etmiş olacaq... Sabah VFMC-nin 5 kəməri uğrunda döyüşlər keçiriləcək. 5 raunddan ibarət olan bəzi döyüşlərimiz 3, bəziləri isə 2 dəqiqədən ibarət olacaq. Sabah kəmərlər öz sahiblərini gözləyir.

- Zabit Səmədov yaxınlarda belə bir açıqlama vermişdi ki, növbəti döyüşünü Bakıda keçirmək istəyir. Bununla bağlı bir yenilik varmı?

- Onun özünün promouteri var. Zabit Səmədov dünyada tanınmış idmançıdır. Onun özünün menecerləri, sponsorları var. Bildiyiniz kimi, o, Çeçenistanın "Əhməd" klubunun üzvüdür. Ona görə də bununla bağlı biz heç nə deyə bilmərik. Zabit bizim federasiya ilə əməkdaşlıq etmək istəsə, biz hər zaman buna hazırıq. O bizim fəxrimizdir.

- Siz əvvəllər futbolda "Neftçi"də idman direktoru vəzifəsində çalışmısınız. Futbolumuzda irəliləyiş, ya geriləmə müşahidə olunur?

- Hesab etmirəm ki, futbolumuzda geriləmə var. Futbol öz yerindədir. Sadəcə "Neftçi"nin son 2 mövsümdə çıxışı azarkeşləri qane etmir. Bu da ondan irəli gəlir ki, bu klubda nizam-intizamsızlıq var. Açıq deyim, bu işi bilənlər hazırda o klubda yoxdur. "Neftçi" peşəkar klubdur. Peşəkar klubda da peşəkar insanlar çalışmalıdır. Heç kimə söz atmaq istəmirəm. Ancaq orda hər zaman futbolçulara dəstək verən, transfer işlərini düzgün yönəldən, klubda canla-başla, qanı ilə çalışan rəhbərliyin olmaması görünür. Bu kimi məsələlər orda düzgün getmədiyi üçün "Neftçi" nəticə verə bilmir və bu da insanları qıcıqlandırır.

- Əksəriyyət belə bir fikir bildirir ki, "Neftçi" kimi köklü klubun kapitanı intizamsızlığı ilə məşhur olan Araz Abdullayev olmamalıdır. Sizin bu barədə fikirləriniz necədir?

- Arazı uşaq vaxtından tanıyıram. Mənim fikrimcə, Araz çox tərbiyəli idmançıdır. 5 barmağın 5-i də bir olmur. Hər bir insanın bir xasiyyəti var və buna uyğun da onunla yola getməyə çalışmalısan. Biz Arazın bu xasiyyətini neçə illərdir ki, bilirik. Demirəm ki, Araz pis insandır və ya intizamsızdır. Sadəcə məsəl var deyirlər ki, balıq başdan iylənir. O vaxt Mahir Şükürov "Neftçi"yə gələndə hamı deyirdi ki, o nizam-intizamsız futbolçudur, onu niyə gətirmisiniz. Sadıq Sadığova ("Neftçi"nin sabiq prezidenti - red.) dedim ki, onun nizam-intizamı mənlikdir. Dedim, qoy gəlsin, onun bizə futbolu, oyunu lazımdır, nizam-intizamını bir yerdə yoluna qoyacağıq. Ona görə də düşünürəm ki, Arazın nizam-intizamsızlığı varsa, bunu düzəltmək asandır. Araz Azərbaycan futbolu üçün həqiqətən tapıntıdır. Onun intizamsızlığını düzəltmək olar.

- Yeri gəlmişkən, Mahir Şükürov yenidən "Neftçi"yə qayıtdı. Bu haqda nə deyə bilərsiniz?

- Dünən gecə ona zəng edib təbrikimi çatdırmışam. Ona məşqlərində daha da ciddi olmağı tövsiyə etdim.

- Biz əvvəlki Mahiri yenidən görə bilərik?

- Mən buna inanıram. Onda bu talant var. Yadınızdadırsa, İsrailin "Hapoel" klubu ilə oyun vaxtı Mahir komanda ilə cəmi 1 həftə məşq etmişdi. 4 ay idi ki, məşq keçməmişdi. Buna rəğmən biz onu start heyətinə saldıq. Hətta penaltidən qol vuranda birinci gəlib mənimlə qucaqlaşdı. Çünki mən ona zamin durmuşdum ki, Mahir Şükürov öz sözünü deyəcək. Bu gün də mən ona inanıram. Yəqin ki qış fasiləsindən sonra Mahir Şükürov öz formasını tapacaq.

- Bəs Elxan Abdullayev "Neftçi"ni düzəldə biləcəkmi?

- Elxan Abdullayev gözəl futbolçu olub, gözəl xasiyyəti var. Ona həmişə simpatiyam olub. Düşünürəm ki, Elxan Abdullayevə həm transfer məsələlərində, həm də daxili məsələlərdə yaxşı köməklik olunsa, o öz sözünü deyə bilər. Amma yanvara qədər onun işi çətindir. Qışda 3-4 babat transfer edilsə, yanvardan sonra "Neftçi" özünü toparlaya bilər.

- Özünüzün yenidən futbola qayıdışınız gerçəkləşə bilərmi?

- Belə düşünmürəm.

- Bir ara "Neftçi" İSM-ə məxsus olan "Qaradağ Lökbatan" klubunda çalışacağınız deyilirdi...

- Bəli, belə bir variant var idi. Ancaq mən daha futbolda çalışmaq istəmirəm...

- Bəlkə sizi futboldan küsdürüblər...

- Yox, küsdürməyiblər. Sadəcə o vaxtlar bir qədər gənclik səhvlərimiz oldu. Gərək səbirli, təmkinli olaydım. Amma yaxşı ki, elə futboldan getdim. Çünki səhər-axşam futbolda ancaq adam əsəb keçirir...