“1000 manata ehtiyacları varsa, verərik” - Yunis Hüseynovdan AFFA-ya

1000-manata-ehtiyaclari-varsa-vererik-
Oxunma sayı: 1312

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun Sportnet.az-a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- "Qəbələ" ilə oyunda səhhətinizdə problem yaranmışdı. İndi vəziyyətiniz necədir?

- Hazırda özümü yaxşı hiss edirəm. Matçdan sonra özümü pis hiss etdim. Təzyiqim qalxmışdı. Amma bu, olan şeydir. Kim əsəb keçirisə, onda həmişə belə hallar olur. Məndə də oldu. Klub həkiminin ilkin yardımından sonra səhhətim qaydasına düşdü".

- AFFA İntizam Komitəsi isə sizi mətbuat konfransına qatılmadığınız üçün 1000 manat cərimələyib...

- Cərimələyiblər?

- Bəli.

- AFFA-ya insan lazım deyil ki... AFFA-ya pul lazımdır. İnsanın halı, ölümü federasiyanı maraqlandırmır ki... Cərimə ediblərsə, buna həqiqətən də təəssüf edirəm. Çox təəssüf edirəm ki, AFFA belə hallardan pul qazanmaq istəyir. Əfsuslar olsun!

- Həmin vaxt mətbuat konfransına gələrək, üzrxahlıq etmək iqtidarında deyildiniz?

- Xeyr. Bilirsiniz ki, mənim jurnalistlərə böyük hörmətim var. Bir jurnalist deyə bilməz ki, nə vaxtsa zəng etmişik, amma Yunis müəllim telefonu açmayıb, müsahibə verməyib. Hələ fasilə vaxtı özümü pis hiss edirdim. Klubumuzun həkimi gedib AFFA nümayəndəsi Abbas Hüseynovu məlumatlandırdı. Çox halsız idim. İndi dünya dağılmayıb ki... Hamımız insanıq. Hər şey ola bilər. Amma belə vəziyyətdə İntizam Komitəsi məni cərimələyirsə, mənə təsir edir. İndi şahidi oldum ki, bunları insan amili maraqlandırmır. Bunları yalnız pul maraqlandırır.

- Əslində nə baş vermişdi ki, bu qədər əsəbiləşmişdiniz?

- Tarixdə olmayan bir şey idi. 10 ildir baş məşqçi işləyirəm, komandalarım heç vaxt belə uduzmamışdı. 0:6 hesablı məğlubiyyət mənə çox pis təsir etdi. Burada şişirdiləsi bir şey yoxdur. Belə olmamalı idi. Nə isə... Sizinlə danışa-danışa da yenə əsəbiləşdim. Vicdan haqqı! Özünüz də bilirsiniz ki, bu qərar düzgün deyil. Özüm dedim ki, gedirəm mətbuat konfransına. Həkim qoymadı. "İstirahət etməlisən. Özümüz gedib deyəcəyik" söylədi. Gedib federasiya əməkdaşına da dedilər ki, halı yoxdur. Orada da hansısa sənədə qol çəkilməsini istəyiblər. Sonra da həkim gəlib dedi ki, problem yoxdur, mətbuat konfransına köməkçi-məşqçi Vidadi Hüseynov gedəcək. Dünya dağılmadı ki... İnanmırdısa, gəlib özümlə danışa, vəziyyəti öz gözləri ilə görə bilərdi. Açığı, İntizam Komitəsinin belə qərar verəcəyini gözləməzdim. Demək, bunları yalnız pul düşündürür. İnsanı düşünmürlər ki, birdən ölər. Allah eləməsin, kimsə ölsə, bunlara maraqlı deyil də... Deyəcəklər ki, cərimələyin, ölüb, gəlməyib.

- Oyunla bağlı nə deyə bilərdiniz?

- Bir söz demək fikrim yoxdur. Nə deyim? Hamı gördü ki, həddən artıq zəif çıxış etdik. Oturub analiz edəcəyik. Harada səhvlər buraxdığımızı, niyə bu hesabla uduzduğumuzu araşdıracağam. Ondan sonra da kimlərin səhvi böyükdürsə, cəzalandıracağam. "Qəbələ" ilə hələ ikinci dövrədə oyunumuz var. İnşallah, həmin oyunda elə bu uşaqlarla yaxşı nəticə verəcəyik. Elə bax, bu uşaqlarla 0:6 hesablı məğlubiyyətin əvəzini çıxacağıq. Yaxşı oynayıb, əvəzini çıxmaq lazımdır.

- Məgər hazırkı heyətlə bundan artığını gözləyirdiniz?

- Yox, bilirsiniz necədir? Sizinlə razıyam, gəncdirlər, təcrübələri o dərəcədə deyil. Demirəm ki, dağıdacaqlar, əla oynayacaqlar, çempionatda yüksək yerlərdən birini tutacaqlar. Söhbət ondan getmir. Məsələ burasındadır ki, əvvəlki 6 turda nə isə alınmasa belə, mübariz oyun sərgiləyiblər, var güclərini meydanda qoyublar. Amma "Qəbələ" ilə qarşılaşmada nə baş verdiyini hələ də anlaya bilmirəm. Meydanda mübarizlik yox idi. Ən əsası, uşaqlarda döyüşkənlik görmədim. Uduzmaq olar. Mən demirəm ki, hazırkı heyətlə "Qəbələ"ni mütləq udmalıyıq. Bu, futboldur. Uda da, uduza da bilərdik. Mübarizliyi, döyüşkənliyi görmədiyimdən əsəbiləşdim.

- Bəlkə mübarizə əzminin itməsinə 8-ci saniyədə buraxdığınız qol səbəb oldu?

- Əlbəttə, o da var. Gənc futbolçulardırlar. Təcrübəli olsaydılar, özlərini toparlaya, oyunun axarını dəyişə bilərdilər. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayan komandadır. Əlbəttə, 8-ci saniyədə buraxılan qol qırılma nöqtəsi oldu. Amma bir şey də var ki, niyə 8-ci saniyədə top buraxmalıyıq? O da var axı... Bunların hamısını araşdırmaq lazımdır. İnşallah, baxıb analiz edəcəyik.

- Bəlkə bu məğlubiyyət futbolçuların maaşlarını vaxtlı-vaxtında ala bilməmələri səbəbindəndir?

- Xeyr, komandada heç bir problem yoxdur.

- Qərardan apellyasiya verəcəksiniz?

- Xeyr. 1000 manatdır da. 1000 manata ehtiyacları varsa, verərik.