“Qarabağ”a bağışlanan stadion niyə kluba verilməyib? -

qarabaga-bagislanan-stadion-niye-kluba-verilmeyib-
Oxunma sayı: 3860


"Qafqazinfo" xəbər verir ki, ötən il qrup mərhələsinə vəsiqə qazanan ağdamlıların bu uğuru ölkədə əsl bayrama çevrilmişdi. Elə ölkə rəhbəri İlham Əliyev də komandamızın bu uğuruna biganə qalmayıb onlarla görüşüb təbriklərini çatdırmışdı. 

Həmin görüşdə “Qarabağ”a 1 milyon manat mükafat verən prezident Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına stadionun ərazisini də hədiyyə etmişdi. Prezident həmin ərazinin “Qarabağ” klubunun balansına keçirilməsi ilə bağlı tapşırıq versə də, məlum olub ki, hadisədən bir il keçməsinə baxmayaraq həmin ərazi hələ də Dövlət Neft Şirkətinin balansındadır.

Düzdür, Ağdam klubu bu ərazidə özü üçün yeni baza inşa edib. Amma bildiyimiz kimi, bu ərazi elə əvvəldən olduğu kimi “Qarabağ”a icarəyə verilib və klub da bazanın tikintisinə bir neçə il əvvəl başlayıb. Stadion və baza yaradan klub dövlət başçısı İlham Əliyevin onlara verdiyi torpaqda isə uşaq akademiyası tikmək istəyiblər, lakin klubun istəyi hələ ki, reallaşmayıb.

Elə saytımıza açıqlama verən klubun icraçı direktoru Əmrah Çəlikəl də bunu təsdiqləyib: “Düzdür, cənab prezident keçən il komandamızla görüşdə Suraxanı qəsəbə stadionunun ərazisinin “Qarabağ”a verilməsi haqda tapşırıq vermişdi. Amma ərazi hələ də klubumuzun balansına keçirilməyib. Bilirəm ki, hamı deyəcək ki, “Qarabağ” orda baza yaradıb. Amma ora icarə əsasında bizə məxsusdur. Yəni icarəyə götürdük və komandamız üçün şərait yaratdıq. Əsas komanda üçün hər şərait yaradılıb və işlər başa çatmaq üzrədir. Lakin biz ölkə rəhbərinə müraciətimizdə orda uşaq akademiyası yaratmaq istədiyimizi bildirmişdik. Ərazi isə hələ də bizim balansımıza verilməyib. Ona görə də biz aşağı yaş qruplarından ibarət komandalarımız üçün Tofiq Bəhramov adına Respublika stadionunda şərait yaratmışıq. Onlar məhz orada məşq edirlər. İnanıram ki, yaxın günlərdə ərazinin bizə verilməsi məsələsi yekunlaşacaq və biz də akademiya inşa edəcəyik”.

Məsələyə aydınlıq gətirmək üçün sözügedən əraziyə baş çəkdik. Məlum oldu ki, həmin ərazinin bir hissəsində “Neftçi İdman Klubu”nun idmançılarının məşq etməsi üçün şərait yaradılıb. Orada bir çox idman növləri üçün xüsusi zallar var. "Qafqazinfo" olaraq bu barədə məlumatı “Neftçi İdman Klubu”nun İctimai Birliyinin mətbuat xidmətindən dəqiqləşdirdik: “Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu Dövlət Neft Şirkətinin balansındadır. Oranın 80 faizi “Qarabağ” futbol klubuna arendaya verilib. 10 faiz hissəsində isə idman zalları var. Atıcılıq, qılıncoynatma, güləş, cüdo, mini-futbol üçün idman zalları fəaliyyət göstərir. “Neftçi İdman Klubu”nun idmançıları da burada icarə əsasında məşq edir. Digər 10 faizində isə SOCAR-ın muzeyi yerləşir. Hazırda bizim qurum "Neftçi İdman Klubu" İctimai Birliyi kimi müstəqil şəkildə fəliyyət göstərir. Bu stadionun "Neftçi İdman Klubu" İctimai Birliyinə heç bir aidiyyatı yoxdur. Klubumuz bu stadionun bir hissəsində icarə əsasında idmanın güləş, cüdo, qılıncoynatma, şahmat, sambo, boks növlərində fəaliyyət göstərir. Dövlət Neft Şirkəti təmənnasız olaraq klubumuza bu zallardan istifadə etməyə köməklik göstərir. Burada isə bir çox tanınmış idmançılar, məşqçilər və idman mütəxəssisləri çalışırlar. "Neftçi İdman Klubu" hazırda Azərbaycanımıza ən çox uğur qazandıran idman təşkilatdır. Klubumuzda olimpiya, dünya və Avropa çempionları, beynəlxalq yarışların qalibləri yetişib və yetişməkdədir. Namiq Abdullayev, Elnur Məmmədli, Fərid Mənsurov, Vüqar Ələkbərov, Toğrul Əsgərov, Rəsul Çunayev, İlham Zəkiyev, İradə Aşumova, Elvin Mürsəliyev, Hacı Əliyev, Həsən Əliyev və bir çox tanınmış idmançılar məhz "Neftçi İdman Klubu"nun üzvləridir”.

Fotolardan da gördüyünüz kimi, “Qarabağ”a verilməli olan ərazinin bir hissəsində idman zalları yerləşir. Elə qapısında kağız üzərində “Yunan-roma güləşi” yazılıb.  Həmin ərazidə ən çox diqqət çəkən isə kiçik meydançalar idi. Yəqin, bu kiçik süni örtüklü stadionlar 10 il bundan öncə inşa edilib. Amma həmin stadionlarda böyük ehtimalla heç bir komanda məşq etmir və yəqin ki, heç kim də mini-futbol oynamır.

Maraqlıdır ki,  idman zallarına giriş qapısında “Neftçi”nin loqosuna rast gəldik. Və bu loqonun uzun müddətdir ki, orada olduğunu müəyyənləşdirmək çətin deyildi. 

Beləliklə, ölkə başçısının hədiyyə etməsinə baxmayaraq,  “Qarabağ”ın niyə hələ də icarə əsasında Tofiq İsmayılov adına stadionda istifadə etdir, bu müəmma olaraq qalır...

Elsevər Məmmədov


“Qafqazinfo”