Ramil Səfərovun “Qapı”sı-Romandan parça

ramil-seferovun-qapisi-romandan-parca-
Oxunma sayı: 2151

Maqda Sabo

“Qapı”

(roman)


Orijinaldan tərcümə: Ramil Səfərov

Redaktor: Fazil Güney(Abbasov)
Ərəb filologiyası üzrə fəlsəfə doktoru

Korrektorlar: Sevgili Həsənova, Elçin Qədimov

Rəssam: Yavər Əsədov

Tərtibatçı: Mübariz Əhmədov

Kitab “Assa İradə” Azərbaycan Beynəlxalq
Müstəqil İnformasiya Agentliyində yığılaraq redaktə
edilmiş, nəşrə hazırlanmışdır.


Maqda Sabo, “Qapı”

Çağdaş macar bədii nəşrinin tanınmış nümayəndəsi Maqda Sabonun “Qapı” romanı psixoloji melodrama kimi qələmə alınmışdır.Yazıçı silsilə macar qadınlarının obrazlarını yaratmışdır.Əsərin baş qəhrəmanı başı çox bəlalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara yardımçı olmuş saf, mərd, bir qadın olan Emerencin II Dünya Müharibəsindən öncəki və sonrakı həyatı, onun şərəfli ölümü qələmə alınmışdır.
Orijinaldan tərcümə edilmiş roman Azərbaycan dilində ilk dəfədir nəşr olunur.


Kitabın tərcüməsini anam Nabatın nurlu xatirəsinə ithaf edirəm.

Ramil Səfərov
Budapeşt, 29 may 2010-cu il


Macarcadan ilk tərcümə

Bəşər tarixində neçə-neçə alim, filosof, şair, yazıçı, siyasətçi öz əsərlərini həbsxana divarları arasında yazmışlar. Ağır zindan həyatı, verilən əzab və işgəncələr, təhqir və həqarətlər Nəsrəddin Tusinin, Nazim Hikmətin, Cəvahirləl Nehrunun, Musa Cəlilin, Nelson Mondelanın – orta əsrlərdən dövrümüzə qədər, Şərqdən Qərbədək hamısının adlarını sadalamağın mümkün olmadığı onlarla fikir və əqidə adamının iradəsini qıra bilməmişdir. Belə güclü şəxsiyyətlər bir qayda olaraq dəmir barmaqlıqlar arasından qalıb çıxmış, haqlı olduqlarını yaşadıqları cəmiyyətə, dünyaya sübut etmişlər. Onları məhv olmağa, sınmağa qoymayan polad iradələrindən başqa, təmiz vicdanları, xidmət etdikləri ideyalar, haqq iş və amal olmuşdur. Ən başlıcası isə yaradıcı zəkanın gücü ilə keçilməz məhbəs divarları arxasından dünyaya öz səslərini çatdıra bilmişdilər.
Yeddi ildən bəri Macarıstan həbsxanasında saxlanan, bütün bu müddət ərzində özünü ləyaqətlə, əsl kişi kimi aparan milli ordumuzun zabiti Ramil Səfərovun macarca öyrənərək, bu xalqın məşhur yazıçılarından Maqda Sabonun – özünün yazdığı kimi, kökünün “Arpadlar xanədanına” gedib çıxan (Qədim hunlara aid “Arpad” etnonimi bizdəki “padar” sözünün başqa formasıdır – redaktor.) kəşməkeşli olsa da, şərəfli ömür sürmüş qadın nasirinin əsərini ədəbiyyat tariximizdə ilk dəfə orijinaldan dilimizə tərcümə etməsini biləndə yuxarıdakı fikirlərlə yaşadım. Bir şərqşünas kimi deyərdim ki, hansısa xalqı sevib hörmət etmədən onun dilini öyrənib, yazıçısının əsərini doğma dilinə tərcümə etmək çox çətindir. Bu iş Ramildə uğurla alınmışdır və onun ürəyinin böyüklüyünün, xırda duyğuların fövqünə qalxmaq bacarığının göstəricisidir. Səni həbsxanaya atmış, sənə gərəyindən qat-qat artıq cəza kəsmiş ölkənin yazıçısını sevə-sevə öz xalqına təqdim etmək hər oğulun işi deyil. Bu barədə Azərbaycan xalqına mesaj kimi səslənən “Ön söz”də deyilir:
“... Macar xalqının 2004-cü ildə erməni ordusunun zabiti ilə mənim aramda baş vermiş hadisəyə və mənə oxunan hökmə görə qiymətləndirilməsi şəxsən məni ciddi narahat edir. Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına olan hörmətimi qətiyyən dəyişdirməmişdir”.
Əsərin əsas qəhrəmanları yazıçı özü də qatılmaqla qadınlardır. Psixoloji melodrama kimi qələmə alınan romanda Maqda Sabo tipik macar qadınının obrazını yaratmışdır. Səksən yaşına qədər işləyən, başı çox bəlalar çəkən, özünə də, ətrafındakılara da hörmətlə yanaşmağı bacaran, həyatını təhlükəyə ataraq onları ölümdən qurtaran saf, obyektiv, sərt olduğu qədər də ürəyiyumşaq Emerenc bənzərsiz bir xarakter və şəxsiyyət kimi, oxucunun yadından çıxmır. Fikrimcə, əsərin tərcüməsini Ramilin öz anasına ithaf etməsi Azərbaycan oxucularını daha da duyğulandırır, onlar üçün romanın qəhrəmanı Emerencin obrazını daha təsirli edir. Çünki Ramil kimi yurdsevər bir oğul, bir əsgər böyütmüş ana da adi qadın deyildi. O, 1989 – 1993-cü illərdə hələ ibtidai sinifdə oxuyarkən erməni faşistlərinin doğma kəndlərini, oxuduğu məktəbi top atəşləri ilə dağıtmasını, yaxınlarının öldürülməsini gözləri ilə görmüş, erməni təcavüzkarlığının şahidi olmuş istəkli oğlu Ramili vətəni azad edəcək döyüşçü kimi görmək istəyirdi. Fəqət Nübar xanım doğma yurdu azad etmiş oğlunu gül-çiçəklə qarşılaya bilmədi... Ermənilər təkcə işğal etdikləri torpaqlarda deyil, o torpaqlardan çıxardıqları insanların sinəsində də minalar basdırmışlar. O minaların biri Ramilin, biri də Nübar ananın sinəsində partladı... Çünki artıq iyirmi ilə yaxındır ki, hər qaçqın-köçkün köksündə bir mina gəzdirir, onların uşaqları da sinəsi minalı doğulurlar... Bu minalar qoşunların təmas xətti ilə bərabər sinələrdə də tez-tez partlayır, yurd dərdinə dözə bilməyənləri aparır...
Ramilin sinəsindəki minanı isə onu affekt duruma salan erməni zabiti partlatdı... Girov götürülmüş Azərbaycan qız-gəlinlərini necə alçaltdıqlarını Ramilin üzünə çırpdı, vətən bayrağı ilə ayaqqabılarını sildi... və bununla Ramilin sinəsindəki minanın halqasını çəkib parltaldı... Göründüyü kimi, Ramilin günahı yoxdu... Ölən erməninin də günahı azdı... Əsas günah erməni zabitini tərbiyə etmiş işğalçı orduda, ermənizm ideoloqlarında, erməni faşistlərində idi. Mən faşist sözünü elə belə təsadüfən işlətmədim. XX əsrdə bəşəriyyəti dəhşətli qırğınlarla, fəlakətlərlə üzləşdirmiş kommunizm, faşizm və ermənizm XIX əsrin sonları, ötən əsrin əvvələrində təxminən eyni vaxtda formalaşmışdı. Zaman kommunizm və faşizm ideyalarının iç üzünü açıb tarixin zibil qutusuna atdı. Təəssüf ki, 1914 – 1920-ci, 1988 –1993-cü illərdə əlləri on minlərlə günahsız insanların qanına batmış ermənizmin maskası hələ yırtılmamışdır.
Bəli, öz həmyaşıdları kimi qurmaq, yaratmaq, elm öyrənmək üçün doğulmuş Ramil ermənizmin qurbanıdır. Anası onu qatil doğmamışdır, Ramil uşaq vaxtı xarici dilləri öyrənmək, yazıçı, jurnalist olmaq istəyirdi. Fəqət ana yurdun işğalı gənc Ramilin fikrini dəyişdirdi. O, torpaqları azad etmək üçün hərbçi peşəsini seçdi. Lakin o, Ermənistandakı kimi işğalçı, terrorçu yox, haqq-ədalətin bərpası üçün mübarizə aparan qəhrəman ruhlu bir zabit kimi yetişdi. 10-11 yaşlarında ata evindən didərgin düşən, erməni vəhşiliyinin biri-birindən dəhşətli səhnələrini gözləri ilə görən Ramil həm əvvəllər baş verən, həm də gözləri önündə cərəyan edən erməni rəzilliyindən affekt vəziyyətinə düşdüyü üçün düşmən zabitinə əl qaldırmışdı. Və buna görə layiq olduğundan daha çox ağır cəzaya məhkum edilmişdir. Bu haqsızlıqla barışmaq istəməyən hər bir azərbaycanlının ürəyində haqlı sual baş qaldırır: bəs bizim günlərdə minlərlə dinc sakini – uşağı, qocanı, qadını, gənci Xocalıda, Şuşada, Qaradağlıda, Ağdamda, Kəlbəcərdə vəhşicəsinə öldürən, hazırda da Ermənistan dövlət və hökumətində, onun bədnam ordusunun yuxarı eşolonlarında yüksək vəzifə tutmaqda davam edən terrorçuların, canilərin cəzasını kim və nə vaxt verəcəkdir?... Lakin Azərbaycan xalqı inanır: nahaq qan yerdə qalmayacaqdır.
Başqa bir vacib məqamı da vurğulamaq istərdim. Erməni təbliğat maşını istər Ramil Səfərovdan, istərsə də son günlərin qəhrəmanı Mübariz İbrahimovdan zorla qatil, başkəsən obrazı düzəltməyə çalışır. Məhbəsdə oturmasına baxmayaraq ruhunun azadlığı və yenilməzliyi, intellektinin dərinliyi və əhatəliliyi ilə macarların da böyük hörmətini qazanmış Ramil isə yaradıcı əməyi sayəsində bu əsassız uydurmanı yerlə-yeksan edir. O, təkcə Azərbaycan ordusu zabitinin dözüm və iradəsini deyil, həm də ağlını və yüksək mədəniyyətini ortaya qoyur.
Bu kitabın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə, xüsusilə bütün yaradıcılığı boyu tariximizin, ədəbiyyatımızın qaranlıqda qalmış qatlarına öz zəkasının, xalqını sevən ürəyinin işığını salaraq, davamlı sürətdə gerçəklikləri üzə çıxaran Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfirimiz Vilayət Quliyevə minətdarlığımı bildirirəm. Ümidvaram ki, bu kitab eyni kökdən olan macar və Azərbaycan ədəbiyyatının qarşılıqlı anlaşmaya daha bir töhfə olacaq. Macar xalqı isə Ramil Səfərovun simasında tamamilə fərqli bir insan və şəxsiyyət görəcək.


Fazil Güney (Abbasov)
“Assa-İradə” XA-nin baş direktoru,
“AzerNews” qəzetinin baş redaktoru,
Ərəb filologiyası üzrə fəlsəfə doktoru.


“Zəruri münasibətləri ustalıqla əks etdirən çox qiymətli bir sənəddir”.
The Quardian

“Heç bir qısa şərh bu əsərin həm düşüncə, həm də əxlaqi mürəkkəbliyini layiqincə əks etdirə bilməz. Əsəri heç bir gözləntim olmadan oxumağa başladım, davamlı artan heyranlıqla bitirdim və dərhal təkrar oxumağa başladım. Qeyri adi, orijinal və tam valehedici bir roman”.
Scotsman

“Nadir gözəllikdə bir roman. Ağıllı, hərəkətli, ürküdücü....Ən yaxşı əsərlər arasında olmağa layiq bir roman”
Daily Teleqraph

“Nə daha öncə, nə də həyatımın daha sonrakı hissəsində qorxu və sevinc həyəcanını eyni anda yaşamadım”. Gətirdiyim bu sitat “Qapı”nın ən heyrətamiz bölümündəndir və məncə əsərin ruhunu özündə əks etdirir.Fransanın nüfuzlu “Prix Femina” (2003-cü il) ədəbiyyat mükafatına layiq görülən bu əsər ən möhtəşəm macar romanlarından biridir.

Titanilla Fiath


TƏRCÜMƏÇİDƏN

Heç kimə sirr deyildir ki, xalqlar arasındakı qarşılıqlı münasibətlərin formalaşmasında bir çox amillərlə yanaşı ədəbiyyat amili də hər zaman özünəməxsusluğu ilə seçilmişdir. Müasir dövrümüzdə inkişaf etmiş texnologiyalar sayəsində insanlar çox qısa müddət ərzində ölkələr, xalqlar barəsində kifayət qədər məlumat əldə etmək imkanına qovuşsalar da, yenə də müxtəlif xalqların həyat tərzini, insanların dünyaya, hadisələrə baxışlarını, onların arasındakı münasibətləri, ölkələrdə baş verən ictimai-siyasi hadisələrin, müharibələrin insanlar, ailələr üzərində yaratdığı psixoloji və fiziki təsirləri, xalqların milli-mənəvi, əxlaqi dəyərlərini və bir çox başqa mövzu və sahələri dərindən anlamaq üçün ədəbi əsərlərə hər zaman ehtiyac olmuşdur və bundan sonra da ədəbiyyat bu sahədəki əvəzolunmazlığını saxlayacaqdır. Son illər ərzində yazıçılarımızın əsərlərini, xalqımızın qədim, köklü və zəngin mədəniyyətini, tarixini, Dağlıq Qarabağ həqiqətlərini, xalqımızın tarix boyunca məruz qaldığı haqsızlıqları, əldə etdiyimiz naliyyətləri özündə ehtiva etmiş kitabları macar dilində nəfis tərtibatda çoxminlik tirajla nəşr etdirərək geniş oxucu kütləsinin istifadəsinə təqdim edən Macarıstandakı səfirliyimizin, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin bu istiqamətdə gördüyü işlər sözün əsl mənasında təqdirəlayiqdir.

Bu sətirləri qələmə aldığım zaman, artıq yeddi ilə yaxın bir müddətdir Macarıstandayam və bu müddət ərzində yerli xalqın tarixi, mədəniyyəti, yaşayış tərzi, mentaliteti haqqında kifayət qədər məlumata sahib olmuşam. Macarların etnik mənşə etibarı ilə türk xalqları ilə olan qohumluğu macar etnoqrafların böyük əksəriyyəti tərəfindən də qəbul edilməkdədir. Macarıstanın tarixinə nəzər saldığımız zaman, müxtəlif coğrafiyada yerləşməyimizə baxmayaraq, Azərbaycan tarixi ilə nə qədər bənzərlik nümayiş etdirdiyi görünəcəkdir. Belə ki, eynilə Azərbaycan kimi, Macarıstan da müxtəlif dövrlərdə böyük dövlətlərin mübarizə meydanına çevrilmiş, uzun əsrlər yadellilərin əsarətində yaşamağa məcbur edilmiş, dəfələrlə azadlıq, müstəqillik mübarizəsinə qalxmış, bir zamanlar böyük ərazini əhatə edən bu ölkə, I- ci Dünya Müharibəsi nəticəsində qalib dövlətlər tərəfindən, sözün əsl mənasında, budanmış, ərazisində yeni dövlətlər peyda olmuş və indiki mövcud ərazisindən daha böyük ərazisi qonşu ölkələr arasında bölüşdürülmüşdür. Milyonlarla macar bir səhər yuxudan oyandıqları zaman yad bir ölkənin tərkibində etnik azlıq olduqlarını görmüşdülər. Daha sonra Macarıstan sosialist ölkələr cərgəsinə daxil edilmiş, rəsmən SSRİ-nin işğalına məruz qalmış, kommunist hökumət 1990-cı ilə kimi, sovet dövründən bizə heç də yad olmayan üsul-idarə ilə öz hakimiyyətini davam etdirmişdir. Sovet ordusunun 1956-cı ildə Budapeştə daxil olaraq törətdiyi qırğın, bizə eynilə 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Bakıda törədilmiş kütləvi qırğını xatırladır. Şəxsi müşahidələrim macarların sakit təbiətli, mütəvazi, qonaqpərvər, fərqli inancdan və millətdən olanlara qarşı kifayət qədər tolerantlı insanlar olduğunu deməyə əsas verir. Etiraf edim ki, bu qədər çox bənzərliyin olduğu və bütün sahələrdə çox gözəl əlaqələrin qurulması üçün heç bir maneənin olmadığı halda, macar xalqının 2004-cü ildə erməni ordusunun zabiti ilə mənim aramda baş vermiş hadisəyə və mənə oxunan hökmə görə qiymətləndirilməsi şəxsən məni ciddi narahat edir. Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişdirməmişdir. Sevindirici haldır ki, son illər ərzində ölkələrimiz arasındakı əlaqələr hərtərəfli inkişaf edir.Ümidvaram ki, bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində cüzi də olsa bir töhfə verəcəkdir.
Çoxsaylı yerli və xarici mükafatlara layiq görülmüş yazıçı Maqda Sabonun pərdə arxasından şəxsi həyatını əks etdirən “Qapı” adlı əsərinin möhtərəm oxucularımız tərəfindən də maraqla qarşılanacağını düşünürəm. Tərcümənin ərsəyə gəlməsində göstərdikləri müstəsna yardıma görə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinə, xanım Qabriella Ortunca, xanım Titanilla Fiatha və Gündüz Əbdülova öz dərin minnətdarlığımı bildirirəm.

Ramil Səfərov. 29 may 2010

Qapı

Nadir hallarda yuxu görürəm və nə zaman yuxu görsəm qan-tər içində səksənərək oyanıram. Sonra təkrar yatağıma uzanır, ürəyimin çırpıntısı yatana qədər gözləyir və gecələrin vaz keçilməz, sehirli gücü haqqında dərin düşüncələrə qərq oluram. Uşaqlıq və ya gənclik illərimdə, nə pis, nə də yaxşı, yuxu gördüyümü xatırlamıram. İndi isə yaşlılıq, keçmişdən yoğrula-yoğrula gələn, sərtləşmiş və həyatımın hər hansı dönəmində yaşadığımdan daha gərgin və tükürpədici dəhşətləri təkrar-təkrar qarşıma çıxardır. Əslində, bu günə qədər bir dəfə də olsun yuxudan indiki kimi qışqıraraq oyanmamışdım.
Mənim yuxularım bir-birinə eynilə bənzəyən, davamlı təkrarlanan görüntülərdən ibarətdir.Bu dəyişməyən və təkrarlanan yuxularda mən binamızın girişində, pilləkənin qurtaracağında, tel məftillərlə möhkəmləndirilmiş, qalın şüşəli, poladdan düzəldilmiş ağır qapının qarşısında dayanır və kilidi açmağa çalışıram. Küçədə təcili yardım maşını gözləyir.Tibb işçilərinin pəncərədən yansıyan kölgələri həddindən artıq böyük görünür və üzlərinin ətrafında ayda olduğu kimi işıqdan halələr var. Açarı kilidin içərisində çevirsəm də bütün zəhmətim boşa gedir, qapını aça bilmirəm. Halbuki, xilasedicilər içəri girməlidirlər, yoxsa xəstəm üçün çox gec olacaq. Qapının kilidində heç bir hərəkət görünmür, sanki qapı öz çərçivəsinə qaynaqla bərkidilib, qətiyyən tərpənmir. Kömək çağırmaq üçün nə qədər qışqırsam da, üç mərtəbəli binanın sakinlərindən heç biri məni eşitmir. Əslində eşitməkləri mümkün deyil. Qəfildən balıq kimi, heç səs çıxartmadan sadəcə ağzımı açıb-yumduğumun fərqinə varıram.Həm tibb işçilərinin içəri girə bilmələri üçün qapını aça bilməmək, həm də danışa bilməmək, yuxudakı dəhşəti zirvəyə qaldırır. Bu vaxt öz qışqırığıma yuxudan oyanır, otağın işığını yandırır və nəfəs alıb-vermədəki ağırlığın öhdəsindən gəlməyə çalışıram.
Ətrafımda yataq otağımızın tanış mebelləri, yatağımızın üstündə ailə rəsmləri işləməli, toxumalı pencəklə macar barokkosu ( 17-ci əsrdə Avropada dəbdə olan, üzərində çoxlu naxışları olan paltar-P.S) və Biedermeier sayağı geyinmiş, hər şeyi bilən və görən böyüklərim... Bağlı qapının ardından səssizliyin hökm sürdüyü küçədə, gündüzün yatmış səs-küyü yerinə sadəcə budaqların xışıltısı və pişiklərin yumşaq pəncələrini yerə basaraq gəzərkən çıxartdıqları səslər duyulduğu anlarda, bir gün həqiqətən qapını aça bilməyəcəyim təqdirdə başıma gələcəkləri, kim bilir, nə qədər düşündüyümün yeganə şahidləridir onlar...
Bu rəsmlər mənim unutmağa çalışdığım hər şeyi bilirlər. Artıq bu, yuxu deyil. Bir dəfə, həyatım boyunca sadəcə bir dəfə – beynimə gedən qanın miqdarının azalması nəticəsində yuxuda deyil – həqiqətən qarşımda bir qapı açıldı. Bu qapı, içəridə hələ də yalqızlığını və laqeyid pərişanlığını davam etdirən şəxsin başının üzərində yanan damın çartıldamasına baxmayaraq, mənə açmadığı qapı idi. O qapının kilidini sadəcə mən aça bilərdim, daha doğrusu, içəridən qapını açması üçün, sadəcə mənim ona gücüm çatardı. Qapını açan şəxs mənə Tanrıya inandığından daha çox inanırdı. Həmin məqamda mən də özümdə ilahi bir gücün olduğunu zənn edirdim: müdrik təmkinli, xeyirxah və ağıllı bir insanın ğücü... Hər ikimiz yanıldıq: mənə güvənən də, özünə çox güvənən mən də. Əslində artıq bunların heç bir mənası yoxdur, çünki baş verənləri düzəltmək artıq mümkün deyil . Elə isə buyursunlar, koturnus( Qədim yunan faciələrində istifadə edilən dabanı hündür ayaqqabı - P.S) kimi uzun dabanlı çəkmələr geyinmiş , tragik maskalar taxmış, başlarında dəbilqələr olan Erinüslər (Qədim yunan mifologiyasına görə kin və intiqam duyğularını təmsil edən ilahələr-P.S) gəlsinlər və əllərində eynilə mənim yuxularımdakı kimi hər iki tərəfi kəsici olan qılınclarla yatağımın kənarında keşik çəksinlər. Hər gecə otağımın işığını söndürəndə onları gözləyir və yatarkən qəfildən qulağımda çalan adı qoyulmamış dəhşətin zəng səsini eşitməyə hazırlaşıram və bu səsin , məni əsla açılmayan bu xəyali qapıya tərəf aparacağını təsəvvür edirəm
Mənim dinim fərdi olaraq günahdan təmizlənməyi , tövbəni qəbul etməz. Biz günahlarımızı və nə etməyimizdən asılı olmayaraq, dinin əmrlərinə qarşı çıxdığımız halda cəhənnəmlik olduğumuzu keşişdən öyrənirik. Tanrı günahlarımızı bağışlayarkən bizdən heç bir açıqlama və təfərrüat tələb etməyəcək.
Mən isə bütün təfərrüatı ilə hər şeyi açıqlamaq istəyirəm. Bu kitabı Tanrı üçün yazmadım, zatən O, qəlbimin bütün sirlərini bilir. Bu kitabı hər şeyə şahid olan, yuxuda və ya oyaq olsun, həyatımın bütün məqamlarını izləyən kölgələr üçün də yazmadım . Bu kitabı insanlar üçün yazdım. Həyatımı qorxusuz , cəsur bir şəkildə yaşamışam və ümid edirəm ki, ölümüm də eyni şəkildə olacaq : cəsurca və dürüst . Belə ola bilməsi üçün həqiqəti açıqlamalıyam . Emerenci mən öldürdüm! Onu məhv deyil, xilas etməyi qarşıma məqsəd qoymağım bu həqiqəti dəyişdirməz .


Müqavilə

İlk qarşılaşdığımız zaman üzünü görməyi çox istəsəm də, buna imkan verməmişdi və çox narahat olmuşdum. Bir az önə əyilmiş vəziyyətdə, qarşımda heykəl kimi hərəkətsiz dayanırdı. O vaxtlar hələ bilmirdim ki, onu başıaçıq, örpəksiz olaraq sadəcə ölüm döşəyində görə biləcəyəm . Həmin vaxta qədər o, davamlı olaraq, dininə sadiq bir katolik və ya xüsusi günlərdə başıaçıq gəzməyən yəhudi qadınlar kimi başı örtülü yaşamışdı. Qorunmağa ehtiyac olmayan bir yay günü idi, alaqaranlıq vaxtı, bənövşəyi rəngə boyanmış səmanın altında, bağdaydıq. Bu vəziyyətdə o sanki güllərin əhatələdiyi mühitə yaraşmırdı. Əgər dünyaya çiçək olaraq gəlsəydik, insan özü, hansı çiçək olaraq doğulacağını hiss edə bilərdi. Tam əminliklə deyərdim ki,ondan qətiyyən çiçək olmazdı. Hansı çiçək növü olduğunu bilmək bir tərəfə dursun, haqqında heç bir məlumatım olmadığı halda mən Emerencin əsla bir çiçək ola bilməyəcəyini hiss etmişdim.
Baş örtüyünü gözlərini kölgələyəcək şəkildə bağlayırdı. Onun gözlərinin mavi olduğunu daha sonra kəşf etdim. Çox istəyərdim saçlarının nə rəngdə olduğunu bilməyi, gəl gör ki, saçları örtülü idi və bu onun şəxsiyyəti ilə vəhdət təşkil edirdi. Həmin axşamüstü çox önəmli bir məsələyə, bir-birimizi qəbul edib – etməyəcəyimizə qərar verməli idik. Artıq bir həftə idi ki, köhnə evimizə nisbətən daha böyük olan yeni evimizə köçmüşdük. Əvvəlki təkotaqlı evimizdə heç bir köməyə ehtiyacım olmurdu. Lakin on ildir siyasi səbəblərə görə məcburən dondurulmuş yazıçılıq məsləkimdə yeni canlanmalar başlamışdı və yeni mənzilimizdə yeni imkanlar əldə etmiş, bəzən yazı masasında “həbs olunmuş”, bəzən də uzun müddət evdən kənarda olmağı gərəkdirən çoxsayda öhdəlikləri olan bir yazıçıya çevrilmişdim. Ev işlərimi ğörəcək bir şəxs olmalı idi. Əks təqdirdə nə susqunluq illərinin məhsullarını nəşr etdirməyə, nə də zehnimdəkiləri yazmağa imkanım olmayacaqdı. Məhz elə bu səbəb idi ki, məni bağda həmin yaşlı və səssiz qadınla üzbəüz gətirmişdi. Bir kitabxana təşkil edə biləcək qədər çox olan kitablarımızı və təmirə möhtac sınıq- salxaq mebellərimizi daşıyıb mənzilə yerləşdirdikdən sonra dərhal ev işlərində mənə yardım edəcək birini axtarmağa başladım. Ətrafdakı bütün tanışlarla məsləhətləşdim və nəhayət keçmiş məktəb yoldaşımdan bu məsələni həll edəcək təklif gəldi. Bacısının evində uzun illərdir yaşlı bir qadının çalışdığını, o qadının gənclərdən daha yaxşı, məqsədəuyğun olduğunu, əgər qadının bizə ayıracaq vaxtı varsa məmnuniyyətlə onu təklif edəcəyini bildirdi. Sinif yoldaşım hətta, bəhs etdiyi qadının evdə siqaretlə yanğın törətməyəcəyinə, kişilərlə qətiyyən maraqlanmadığına, evdən bayıra nə isə aparmaq bir tərəfə dursun, bizdən məmnun olacağı təqdirdə hətta evə hədiyyələr gətirəcəyini deyirdi. Heç ərə getməmişdi, övladı da yox idi. Mütəmadi olaraq ona baş çəkən qardaşı oğlu var idi. Bir də polis məmuru davamlı yoxlayırdı. Bütün qonşular və ətrafdakılar onu sevirdilər. Sinif yoldaşım qadından səmimi olaraq dərin hörmət və ehtiramla bəhs edirdi. Qadının eyni zamanda qapıçı- xadimə işlədiyini, hardasa rəsmi bir işçi sayıla biəcəyini, bizə razılıq verəcəyinə ümidvar olduğunu, bizi bəyənməycəyi təqdirdə nə qədər artıq məvacib verməyimizdən asılı olmayaraq bu işi götürməyəcəyini deyirdi.
Başlanğıc bir o qədər də ümidverici olmadı. Belə ki, qısaca görüş üçün ona münasib bir vaxtda evə gəlməyini xahiş etdikdə, bir o qədər də xoş münasibət göstərmədi. Onunla qapıçı olaraq çalışdığı binanın həyətində rastlaşdım. Bizim evə olduqca yaxın idi, hətta evimizin balkonundan onun evini görmək mümkün idi. Bir qalaq paltar yumuşdu, tamamilə köhnə üsul və vasitələrdən istifadə edirdi. Onsuz da insanı rahatsız edən o isti havada camaşırları qazanda qaynadır, çarşafları yekə taxta parçası ilə qaldırırdı. Varlığından atəş yayılırdı, uzunboylu, irisümüklü bədən quruluşu var idi. Yaşına görə hələ də çox güclü görünürdü. Kök deyildi, əksinə əzələli idi, Şalkyre (Skandinaviya mifologiyasında müharibədə ölən qəhrəmanları cənnətə aparan pərilər P,S) kimi ətrafına enerji yayırdı. Baş örtüyü isə döyüşçünün dəmir dəbilqəsini andırırdı. Bizi ziyarət etməyə qərar vermişdi və ala-qaranlıq vaxtı bağda olmağımızın səbəbi də bu idi. Ev işlərinin nələrdən ibarət olduğunu anladarkən mənə səsini çıxartmadan, diqqətlə qulaq asdı. Danışdığım zaman keçən əsrimizə aid böyük bir romanda müəllifin surətlərdən birinin üzünü gölə bənzətməsinin bir o qədər də inandırıcı gəlmədiyini xatırladım. Nə vaxt ki, klassiklərdən şübhə etməyə cəsarət etmişəm, hər dəfəsində də özümdən utanmışam. Yenə də ytanmışdım, çünki Emerencin üzü eynilə səhər vaxtındakı dümdüz, hərəkətsiz gölün səthini andırırdı. Mənim təklifimin onu nə dərəcədə maraqlandırdığını bilmirdim. Nə pula, nə də işə ehtiyacı var idi və bunu bütün varlığı ilə hiss etdirirdi. Amma onun təklifimi qəbul etməsi mənim üçün çox əhəmiyyətli idi. Əfsuslar olsun ki, baş örtüyünün kölgələdiyi və göl səthini andıran üzü uzun müddət heç nə ifadə etmədi. Emerenc cavabını verəndə də başını yuxarı qaldırmadı. Mövzu ilə bağlı bəlkə də sonra, başdan danışmalı idik. Çünki yeni vəziyyət yaranmşdı. Onun çalışdığı evlərdən birində xoşagəlməz durum ortaya çıxmışdı, Belə ki, ev sahibləri olan ər və arvad sərxoşluğa qurşanmışdılar, ailənin böyük oğlu isə əhlikef və israfçılıqla məşğul idi, valideynlərinə qayğı göstərmirdi. Emerenc evimizdə başqaları ilə yola getməyən, davakar və sərxoş heç bir insanın olmadığına dair kənardan bir şəxs zəmanət verərsə və onu inandırmağı bacararsa, bizim evdə çalışa biəcəyini dedi. Eşitdiklərimə təəccüblənmişdim. ilk dəfə idi ki, bizim haqqımızda başqa insanın rəyi tələb olunurdu. “Mən hər qarşıma çıxanın kirli camaşırlarını yumaram,“ – deyirdi Emerenc.
Emerencin tər-təmiz insanın üzərində təsir yarada bilən, soprano səsi var idi.Yəqin ki, uzun müddətdir paytaxda yaşayırdı. Bir zamanlar aldığım linqıistika üzrə təhsilin sayəsində, onun ləhcəsindən bizim bölgənin insanı olduğunu anladım. Həqiqətən də Hacdu bölgəsindən olub-olmadığını soruşanda onun bu sualıma sevinəcəyini zənn etmişdim. Ancaq, o, sadəcə başını sallayaraq təsdiqləməklə kifayətləndi. Paytaxta Nadoridən, daha doğrusu, Nadoriyə qonşu olan Csabaduldan gəlmişdi. Sanki bu cür mövzularla qətiyyən maraqlanmadığını bildirmək üçün dərhal mövzunu dəyişdirdi. Digər bir çox mövzu kimi bu da uzun illər sonra ortaya çıxacaq və məlum olacaq ki, mənim bu suallarımı basqıçı və yersiz gördüyü üçün laqeydlik nümayiş etdirirmiş.
Emerenc Herakleitosu tanımasa da, bu mövzuda məndən daha çox məlumata sahib idi. Çoxdan qeyb olmuş və əsla geri gətirilməsi mümkün olmayanı, bu dünyaya göz açdığım dədə-baba ocağımızın kölgəsini, itirdiyim yuvanı axtarmaq üçün hər imkan düşdükcə doğulduğum yerə baş çəkərdim və əlbəttə ki, axtardıqlarımdan heç birini tapa bilməzdim. Hər bir damcısında həyatımın sınıq-salxaq parçalarını da sürükləyib aparan o çay, görəsən indi hara çıxıb getmişdi?... Emerenc mümkün olmayan işə girişməyən ağıllı qadın idi. Enerjisini gələcəkdə öz keçmişi üçün edə biləcəyi işlərə saxlayırdı, əlbəttə ki, bütün bunların anlaşıla bilməsi üçün uzun zamana ehtiyac var udi.
İki yer adını, Nadori və Csabadulu işlətdiyim həmin gün başa düşdüm ki, bu adlar tabudur və bunları bir də tələffüz etməməliyəm. Elə olduqda tabuları bir kənara qoyub, iş barədə danışmağa başladıq. Saat başına nə qədər ödəyəciyimizi anlaşa biləcəyimizi zənn edirdim, hər halda bu onu maraqlandıran ən əsas məsələ olmalı idi. Lakin o, bu mövzuda qərar vermək istəmədiyini dedi. Belə ki, bizim haqqımızda müəyyən təsəvvür əldə etdikdən, bizim nə qədər səhlənkar və dağınıq olduğumuzu müəyyənləşdirdikdən və bütün bunları nəzərə alaraq bizim üçün nə qədər çalışacağını təsbit etdikdən sonra məvacib məsələsinə qərar verəcəyini bildirdi. Haqqımızda məlumat toplamağa çalışacaqdı, əlbəttə ki, mənim sinif yoldaşımdan deyil, çünki, onun mənim tərəfimi saxlayacağı ehtimalı var idi. Bizimlə bağlı müəyyən təsəvvürə malik olduqdan sonra , hətta cavabı olumsuz da olsa bizə bildirəcəyini dedi. Sözlərini bitirib yanımdan sallana-sallana uzaqlaşarkən baxışlarımla onu arxadan təqib etdim. Bir anda, sanki şeytan qulağıma fısıldadı: “Bu qədər əcaib və yaşlı bir qadının işə başlamaması bəlkə də hamımız üçün daha xeyirlidir. Nə qədər ki, gec deyil, çağır arxadan və təklifin artıq keçərli olmadığını de!” Amma çağırmadım.
Emerenc bir neçə gündən sonra gəldi. Bu müddət ərzində küçədə onunla dəfələrlə qarşılaşdıq. Lakin, həm qərar vermək üçün tələsməyən, həm də hələ açılmamış bir qapının üzünə bağlanmasını arzulamayan biri olaraq hər dəfə sadəcə salam verərək yanımdan ötüb gedirdi. Qapımızın zilini çaldığı gün Emerencin əynində ən yaxşı bayramlıq paltarı var idi. Belə geyinməyinin mənasını dərhal başa düşdüm. Günəşlənmək üçün geyindiyim və bədənimin sadəcə bir qismini örtən paltarımla özümü onun qarşısında rahatsız hiss edirdim. Onun əynində qara, uzun qollu, nazik parçadan tikilmiş paltar və ayaqlarında dəri ayaqqabı var idi. Sanki son görüşümüz davam edirmiş kimi, birbaşa qaldığımız yerdən başlayaraq, sabah işə başlayacağını və ayın sonuna yaxın bizə aylıq məvacibinin nə qədər olacağını bildirəcəyini dedi. Bunları deyərkən də çiynimin açıqda qalan hissəsinə tərs-tərs baxırdı. Heç olmasa ərimin əyin-başında bir nöqsan tapa bilməyəcəyinə görə sevinirdim. Müharibədən əvvəl İngiltərədə öyrəşdiyi alışqanlıqları isti havalarda da dəyişdirməmişdi və indi otuz dərəcə istidə pencəyi, qalstuku əynindəydi. İkisi də, sanki sadəcə özləri tərəfindən dərk edilən və mənim də üzv olduğum ibtidai bir cəmiyyətə örnək təşkil etmək və bəşəriyyətin ləyaqətinə yaraşan xarici görünüşünə hörmət göstərməyin necə olduğunu öyrətmək üçün təpədən dırnağa qədər geyinib, yanımda durmuşdular. Bu dünyada, bəzi prinsiplər baxımından Emerencə bənzəyən biri vardısa, o, sadəcə mənim ərim ola bilərdi. Məhz elə bu səbəbə görə uzun müddət bir-birilərinə yaxınlaşa bilməmişdilər.
Hər ikimizin əlini sıxan yaşlı qadın, əslində bizimlə bütün fiziki təmaslardan mümkün olduğu qədər qaçırdı. Daha sonraları ona əlimi uzadanda da havada milçək qovurmuş kimi əlini yelləməklə kifayətlənirdi. Həmin axşam evdə işə başlamadı, bunun düzgün davranış olmadığını düşünürdü. Sadəcə qeydiyyatdan keçmişdi. Yanımızdan ayrılarkən ərimə: ”Gecəniz xeyrə qalsın, ailənin rəisi” deyərək vidalaşdı, ərim isə onun arxasınca heç nə demədən uzun müddət baxmışdı. Emerenc öldüyü günə qədər ona bu şəkildə müraciət edəcəkdi, ərimin isə bu münasibətə öyrəşməsi xeyli zaman aldı.

***
Müqavilədə Emerencin evimizdə işə günün hansı saatında başlayacağı və ya gündəlik neçə saat işləyəcəyi barədə konkret heç nə müəyyənləşdirməmişdik. Bəzən gün ərzində gözə dəyməzdi, gecə saat on birdə hardansa peyda olar, otaqlara girməz, səhərə kimi mətbəxi və ərzaq saxlanılan otağı təmizləyirdi. Bəzən də bütün ləyənləri, xalça-palaz ilə doldurub yuduğu üçün uzun müddət hamamdan istifadə edə bilməzdik. Işləməyə başladığı zaman insanı heyrətə salan davranışlar sərgiləyirdi. Bir robot kimi çalışırdı, yerindən tərpədilməsi mümkün olmayan ağır mebelləri tək başına qaldırırdı.Onun bu şəkildə çalışmasına qətiyyən ehtiyac yox idi. Buna görə də Emerencin iş həcmində və gücündə indiyədək rastlaşmadığımız çox qəribəliklər hiss olunurdu. Onun gördüyü işlərdən zövq aldığı aşkar idi, işləməyi çox sevirdi və boş vaxtlarında nə edəcəyini bilmirdi. Əl atdığı bütün işləri qüsursuz yerinə yetirirdi. Evin içərisində səssiz-sədasız hərəkət edirdi. Heç bir şeylə maraqlanmadığı üçün lazımsız bütün söhbətlərdən qaçırdı. Gördüyü işlərə görə, mənim ağlımdakı rəqəmdən daha çox məvacib tələb edirdi. Amma mənim ondan tələb etdiyimdən daha artıq işlədiyi də bir həqiqət idi. Mən qonaqlarımızın gələcəyini söylədikdə və ya qəfildən evimizə biri gəldikdə, köməyə ehtiyacımın olub-olmadığını soruşardı. Adətən mən onun köməyindən imtina edərdim, çünki istəmirdim dost-tanışlar öz evimdə mənə müraciət olunmadığını bilsinlər. Emerenc sadəcə ərimə xüsusi xitab tərzi ilə müraciət edirdi. Mənə isə nə “yazıçı xanım”, nə də sadəcə “xanım “deyə müraciət edirdi. Ancaq həyatımda özünə bir yer tapıb, onunla müqayisədə kim olduğumu dərk etdikdən və hansı xitab şəklinin yaraşa biləcəyini müəyyənləşdirdikdən sonra, mənə də müraciət etməyə başladı. Əlbəttə ki, bu mövzuda da o, tamamilə haqlı idi, çünki heç bir duyğu ilə yoğurulmamış bütün müraciətlər quru səslənirdi.
Emerenc hər baxımdan qüsursuz idi. Əfsuslar olsun ki, bəzən çəkinə-çəkinə minnətdarlıq edərək dilimə gətirdiyim tərifli sözlərə ehtiyacının olmadığını deyər, nə qədər məhsuldar çalışdığını özünün də bildiyini söyləyərək bizi üzərdi. Həmişə bozumtul rəngli paltarlar geyinərdi. Hər gün önlüyünü dəyişdirər və paltarlarının çirklənməsinin qarşısını alardı. Kağızdan olan cib dəsmallarını bəyənməzdi, onun yerinə ətrafa kəskin odekolon qoxusu yayan toxunma cib dəsmallarından istifadə edərdi. Bütün bunlarla yanaşı, onun da bəzi xırda nöqsanlarının olduğunu kəşf etmək məndə həqiqətən də məmnuniyyət yaratmışdı. Məsələn, bir dəfə ortada heç bir səbəb olmadan hardasa yarım gün boyunca mənim bütün suallarımı cavabsız qoymuşdu, göy gurultulu və şimşəkli havada fırtınadan möhkəm qorxduğunun şahidi olmuşdum. Fırtınanın yaxınlaşdığını hiss edən kimi, əlindəki işi yarımçıq qoyub,heç bir xəbər verməyə və ya açıqlamaya ehtiyac görmədən təcili olaraq bayıra çıxaraq, gedib evində gizlənirdi. “Qoca arvaddır, bəzi qorxularının olması təbiidir,” – dedim ərimə. Lakin o, “Qadının bu sayaq fobiyası tək qorxudan deyil, bunun mütləq bir səbəbi var. Ancaq yəqin ki, o, belə işlərin bizə heç bir aidiyyatı olmadığını düşünür. İndiyə qədər özü barəsində bizə əhəmiyyətli nəsə danışıbmı? “ – dedi. Mənim yadıma gəlmədi. Qətiyyən danışmamışdı. Emerenc danışqan deyildi.

***

Bizdə çalışmağa başlamasından bir ildən artıq vaxt keçmişdi. Bir gün, günortadan sonra bizə gələcək bağlamanı, mənim əvəzimə təhvil almasını ondan xahiş etməli oldum. Həyat yoldaşım imtahanlarla məşğul idi. Diş həkimi məni sadəcə o gün müayinə edə biləcəyini bildirmişdi. Kuriyer bağlamanı gətirəndə evdə heç kim olmayacaqdı. Buna görə də bağlamanı təhvil vermək üçün hara və kimə müraciət ediləcəyini bir kağıza yazdım və qapıya yapışdırdım. Birbaşa Emerencin evinə qaçdım, çünki evdə çalışdığım zaman ona, mənim əvəzimə bağlamanı təhvil almalı olduğunu deməyi unutmuşdum.İşini təzəcə bitirdiyinə görə, yəqin evinə bir neçə dəqiqə əvvəl girdiyini düşündüm. Dəfələrlə qapını döyməyimə baxmayaraq heç bir hərəkət yox idi, ancaq içəridən kiminsə nə isə qarışdırdığını eşitmək mümkün idi. Əslində qapının kilidli olmasında qəribə heç nə yox idi, çünki bu günə qədər qapısını kiməsə açdığını görən olmamışdı. Emerenc evinə girən kimi dərhal hər tərəfi kilidləyərdi və artıq ətrafdakıların hamısı bu vəziyyətə öyrəşmişdi. İçəriyə tərəf qışqıraraq bir az tələsməsini, təcili getməli olduğumu və ona vacib iş tapşırmaq istədiyimi dedim. Mənim bu səslənişimə yenə eyni sükutla cavb verdi. Lakin qapının tutcağına əlimi uzadanda, qəflətən qapını elə sürətlə açdı ki, sifətimə çarpmasından qorxub geri çəkildim. Bayıra çıxar-çıxmaz eyni şiddətlə qapını örtdü. İstirahət vaxtında onu rahatsız etməyimi, belə işlərin məvacibə daxil edilmədiyini üzümə qışqırdı. Onun heç bir səbəb olmadan bu şəkildə reaksiya verməsi məni təəccübləndirdi, utandığımdan sifətimin qızardığını hiss edirdim. Durduğum yerdə quruyub qalmışdım. Əgər mənim ona əlavə iş tapşırmağımı qüruruna sığışdıra bilmirsə, bunu daha mədəni şəkildə başa sala bilərdi. Yarım-yamalaq sözlərlə onu niyə çağırdığımı izah etməyə çalışdım. Heç bir qarşılıq vermədi. Qarşımda dayanarq, gözlərini düz mənim gözlərimə zilləyib sanki qoluna bıçaq saplamışam kimi üzümə baxırdı. Hər şey aydın idi. Nəzakətlə vidalaşıb evə qayıtdım. Zəng edib diş həkimi ilə olacq görüşümü ləğv etdim. Həyat yoldaşım çoxdan yola çıxmışdı. Bağlamanı təhvil almaq üçün evdə sadəcə mən qalmışdım. Kitab oxumağa da həvəsim yox idi. Otağın içində vargəl edərək harda səhv etdiyimi düşünməyə başladım. Bu yaşlı qadına heç yaraşmayan mənə qarşı təhqir və etirazın səbəbi görəsən nə idi?

***

Evdə uzun müddət təkbaşıma qaldım. Boş yerə gözlədim, çünki bağlama gəlmədi. Günüm bərbad olmuşdu.Həyat yoldaşım da imtahandan sonra şagirdlərlə qaldığına görə həmişəki vaxtda qayıtmamışdı. Sənətdən bəhs edən bir kitaba göz gəzdirirdim ki, bayırdan qapının kilidinin açıldığını eşitdim. Gələn yoldaşım deyildi, çünki ənənəvi olaraq bir-birimizi salamlamaq üçün işlətdiyimiz sözü eşitməmişdim. Bu, Emerencdi. Gündüz baş verən qorxunc hadisədən sonra bu axşam onunla qətiyyən qarşılaşmaq istəmirdim. Fikirləşdim ki, yəqin sakitləşib və indi gəlib məndən üzr istəyəcək. Ancaq nə tək kəlmə söz dedi, nə də ki, başını çevirib içəri baxdı. Gələn səslərdən mətbəxdə nə isə iş gördüyünü anladım. Təkrar qapının kilidləndiyini eşitdim. Gəldiyi kimi də getmişdi.Yoldaşım evə qayıdanda həmişəki axşam yeməyimizi, iki stəkan yoqurtu gətirmək üçün mətbəxə getdim. Soyuducuda bir qab hazır ət yeməyi var idi.Qızardılmış nəfis toyuğun döş əti əvvəlcə dilimlənib, daha sonra usta cərrah məharəti ilə təkrar bir araya gətirilmişdi. Səhərisi gün, könlümü almaq üçün etdiyi axşamki hərəkətinə görə Emerencə təşəkkür etdim və yuyulmuş qabı geri vermək istədim. “ Çox şadam ki, bəyənmisiniz” və ya “ Nuş olsun!” – demək bir tərəfə dursun , nə toyuğu bişirdiyini boynuna aldı, nə də qabı geri götürdü. Həmin qab hələ də evimdədir. Xeyli müddət sonra gələn zəngdən məlum oldu ki, həmin gün evdə boş yerə gözləmişəm, çünki gəlib çıxmadığını zənn etdiyim bağlama ərzaq saxlama otağında rəflərin altındaymış. Emerenc bağlamanı, bişirdiyi toyuqla birlikdə gətirmişdi. Deməli qapının ağzında keşik çəkib, kuryer gələndə mənim tapşırdığım kimi bağlamanı təhvil alıb və mənə heç nə demədən öz evinə gedib. Bu hadisə həyatımızın önəmli bir dönüş nöqtəsi oldu, çünki hadisədən sonra yaşlı qadının bir az əqli çatışmazlığının olduğunu fikirləşməyə başladım.Bu, o mənaya gəlirdi ki, artıq bütün hallarda,onun özünə məxsus işləyən ağlını da nəzərə almağa məcbur idik. Mənim bu düşüncəmi dəstəkləyən bir çox məlumat aldım.Xüsusilə də onunla eyni binada yaşayan, hamının hörmət etdiyi və boş vaxtlarında qonum-qonşunun bütün işlərinə can yandıran yerli ustadan maraqlı təfərrüatlar öyrəndim. Dediklərinə görə binada yaşadığı müddət ərzində bir dəfə də olsun sakinlərdən hər hansı birinin Emerencin eyvanından o tərəfə addım atdığını görməyibdir. Emerenc heç vaxt mənzilində qonaq qəbul etmir və bayıra çağırılmaqdan da qətiyyən xoşlanmırmış. Pişiyini bağlı qapı arxasında saxlayarmış və heç vaxt bayıra çıxartmazmış. Bəzən pişiyin səsi eşidilsə də, pəncərələrin hamısı taxta ilə sıx qapadıldığına görə içəridə nə baş verdiyini görmək mümkün deyilmiş. Görəsən, içəridə pişikdən başqa nə saxlayırdı? Kim bilir? Əgər həqiqətən də içəridə çox qiymətli əşyaları varsa, bu şəkildə evə qapanmaq heç də yaxşı fikir sayılmazdı, çünki, dələduzlar onun qiymətli nə isə gizlətdiyini zənn edərək, hətta ona xəsarət də yetirə bilərdilər. Məhəllədən çox uzaqlaşmaz, uzaq başı bir tanışının dəfn mərasiminə qatılar, mərhumu son mənzilinə yola saldıqdan sonra, sanki təhlükəli vəziyyət varmış kimi tələm-tələsik evinə qayıdarmış. Əslində məni evinə dəvət etməməsində təəccüblü heç nə yox imiş, çünki, Emerenc hətta öz qohumlarını, qardaşı Jossinin oğlunu və polis polkovnikini də yay-qış həmişə eyvanda qəbul edərmiş. Yaxınları da artıq içəri girməyin onlara da qadağan edildiyini anlamışdılar və sadəcə gülərək bununla barışmışdılar. Xülasə, mövcud vəziyyətə öyrəşmişdilər.
Bütün bu eşitdiklərim məndə ürküdücü təəssüratlar yaratmışdı və özümü çox narahat hiss edirdim. İnsan ətrafından təcrid olunaraq və içinə qapanaraq necə yaşaya biərdi? Evinin ətrafında özünə aid və hər tərəfi çəpərlə çevrələnmiş, kiçik bağı olduğu halda, pişiyi bayıra buraxmamağının səbəbi nə ola bilərdi ki? Lakin bu fikrimi Emerencin davamlı pərəstişkarlarından biri olan, laboratoriya texnikinin dul xanımı Adelkanın dastanı xatırladan uzun hekayəsindən sonra dəyişdim. Emerencin bundan əvvəlki ilk pişiyi amansız ovçu imiş. Belə ki, həmin pişik müharibə illərində bura köçən və göyərçin saxlamaqla məşğul olan kişinin göyərçinlərinin əksər hissəsini məhv edibmiş. Emerenc pişiyin “savadsız” olduğu üçün sözdən, nəsihətdən heç nə başa düşmədiyini, hətta qarnı tox olsa da, ov etməkdən zövq aldığını və bunun heyvanın təbiətindən irəli gəldiyini başa salmağa çalışsa da, göyərçinlərin sahibi məsələnin radikal həllinə qərar veribmiş. Heç Emerencdən pişiyi evdə saxlamağı tələb etməyə də ehtiyac görmədən, amansız ovçunu yaxalayaraq sahibinin qapısının kilidindən asıbmış. Emerenc evinə dönəndə heyvanın qapıdan sallanan leşi ilə qarşılaşıb və yerindəcə donub qalıbmış. Bu arada isə göyərçinlərin sahibi, ailəsinin tək gəlir mənbəyi olan və çörək ağacı sayılan quşlarını əfsuslar olsun ki, öz bildiyi qaydada qorumaq məcburiyyətində qaldığını uzun-uzadı başa salaraq, qadına hələ bir ağıl da verirmiş.
Emerenc gördüyü mənzərə qarşısında heç nə deməyib və pişiyin boğazından məftili açıb. Cəllad kəndir əvəzinə məftildən istifadə edibmiş. Heyvanın cansız cəsədi dəhşətli idi, məftil boğazını kəsmişdi və qırtlağı bayırdaymış. Yaşlı qadın pişiyini o vaxtlar hələ məzarından çıxardılmamış olan cənab Szlotkanın həyətdəki qəbrinə basdırıbmış. Amma buna görə də başı dərdə giribmiş. Pişiyin qatili ondan polisə şikayət edibmiş, axırda hadisə böyümədən bir təhər yatızdırıblarmış. Amma bütün bunlar göyərçin saxlayanın od-alovunu söndürməyə kifayət etməyib. Nə oyundan çıxsa da Emerenci münaqişəyə cəlb edə bilmirmiş. Emerenc qonşusu ilə qarşılaşanda özünü görməməzliyə vurur və onunla bağlı rəsmi bir işi çıxanda məhəllədəki ustanı öz adından göndərirmiş. Bu arada sanki sözləşiblərmiş kimi, göyərçinlər bir-bir tələf olmağa başlayıblarmış. Bu hadisəyə görə polis təkrar işə qarışmalı olub.İndi tez-tez yaşlı qadını ziyarətə gələn polis polkovniki o vaxtlar hələ kiçik leytenant rütbəsində imiş. Göyərçin saxlayan Emerenci quşları zəhərləməklə ittiham edərək polisə şikayət edibmiş. Ancaq laboratoriyadakı analiz nəticəsində göyərçinlərin mədəsində zəhərli heç bir maddə aşkarlanmayıb və məhəllənin baytarı göyərçinlərin naməlum bir virusun səbəb olduğu xəstəlikdən tələf olduqlarını açıqlayıbmış. Eyni zamanda xəstəlik ucbatından başqalarının da göyərçinlərinin tələf olduğunu, buna görə də tez-tez həm bina sakinlərini, həm də rəsmi qurumları narahat etməyə ehtiyac olmadığını deyibmiş.
Binanın sakinləri pişiyin qatilinə qarşı birləşərək bələdiyyə başçısına şikyət məktubu ünvanlayıblar. Mötəbər Brodaricslər ailəsi səhərin erkən saatlarında göyərçinlərin çıxartdıqları səsin onları daimi narahat etdiyini və bu səbəbə görə səhərlər yata bilmədiklərini, məhəllə ustası öz növbasində göyərçinlərin həmişə onun evinin balkonunu murdarlatdığını, mühəndis xanım isə göyərçinlərə görə bədənində allergiya yarandığını şikayət ərizəsində qeyd ediblər. Bələdiyyə göyərçin saxlayana öz quşxanasını ləğv etmək göstərişi verməyibmiş, sadəcə xəbərdarlıq etməklə kifayətlənibmiş. Binanın sakinləri bu qərardan çox məyus olublar, çünki, onlar Emerencin pişiyinin asılaraq öldürülməsinin intiqamını almaq üçün quşçuya həqiqi mənada bir cəzanın veriləcəyinə ümid edirlərmiş.
Hamının gözlədiyi cəza gecikməyib. Cəllad yenə böyük ziyana düşüb, təkrar çoxaltdığı quş sürüsü əvvəlki kimi müəmmalı şəkildə tələf olubdur. Quşçu yenə şikayət etmək istəyib, lakin polis kiçik leytenantı heç laboratoriya araşdırmasına da ehtiyac görməyib və onsuz da işi başından aşan polisi belə mənasız şikayətlərlə məşğul etdiyinə görə pişiyin qatilini möhkəm danlayıb. Hadisələrin gedişatından lazımi nəticəni çıxardan quşçu, sübuta yetirilməsə də, deyilənə görə son həmlə olaraq Emerencin alıb gətirdiyi yeni pişiyi də öldürdükdən sonra şəhər kənarında yerləşən bir həyət evinə köçübdür. Hətta məhəlləni birdəfəlik tərk etdikdən sonra da dalbadal yazdığı şikayət ərizələri ilə rəsmi qurumları narahat edirmiş. Bütün bu ittihamlar qarşısında Emerenc elə bir soyuqqanlılıq, təmkin, müdrikcə yumor hissi nümayiş etdirib ki, həm bələdiyyə işçilərində, həm də polis məmurlarında ona qarşı simpatiya yaranıb və əleyhinə yazılmış şikayət ərizələrinin hamısı mənasız qalıb. Artıq hamı dərk edib ki, maqnitli təpələr ildırımı özünə çəkdiyi kimi, bu yaşlı qadının xasiyyəti də imzasız şikayətlərin başlıca səbəbidir. Polis məntəqəsində Emerenc üçün xüsusi qovluq tərtib sdilib və qovluğa onunla bağlı müxtəlif sənədlər yerləşdirilibdir. Hər dəfə məlum şikayət ərizəsi gələndə ciddiyə alınmadan bir kənara atılırmış. Artıq təzə işləməyə başlayan polis məmurları da yazılış tərzindən və istifadə etdiyi ifadələrdən ərizənin quşçu tərəfindən qələmə alındığını bilirmişlər. Polis işçiəri vaxtaşırı evinin qarşısından keçəndə, ayaq saxlayar, qəhvə içib söhbət etmək məqsədilə Emerencə baş çəkərmişlər. Sonralar polkovnik rütbəsinə qədər yüksəlmiş kiçik leytenant isə vəzifəsini yeni başlayan hər bir polisi ilk fürsətdə Emerencin yanına gətirərək təqdim edirmiş. Emerenc arzularına görə bəzən onlara kolbasa qızardar, bəzən qutab bişirər, bəzən də müxtəlif şirniyyatlar hazırlayarmış. Yaşlı qadın, xüsusilə də uzaq bölgələrdən gələnlərə doğma kəndlərini, qoca nənələrini və uzaq qaldıqları ailələrini xatırladarmış. Polislər isə şikayət ərizələrində ona atılan ittihamlar arasında müharibə illərində yəhudiləri öldürdüyü, əmlaklarını qarət etdiyi, amerikalıların xeyrinə casusluq etdiyi, evində məxfi radio-ötürücüsünün olduğu, oğurluq mallar saxladığı və külli miqdarda xəzinə gizlətdiyi barədə məlumatların olduğunu Emerencə demirmişlər. Səbəbi də onun ürəyinin sıxılmağını istəmirmişlər. Əslində Adelka bütün bu olanları danışandan sonra xeyli rahatlandım, çünki itirdiyim şəxsi vəsiqəyə görə polis şöbəsinə getməli idim. Şəxsi məlumatlarımı yazdıranda, polis polkovniki oradan keçirmiş, adımı eşidəndə məni çağırdı və yeni şəxsiyyət vəsiqəm hazır olana qədər məni otağında qonaq etdi. Əsərlərimi oxuduğunu və buna görə diqqətini cəlb etdiyimi zənn etmişdim. Yanılmışdım, çünki danışmaq istədiyi tək mövzu Emerenc idi. Emerencin özünü necə hiss etdiyi və nə iş gördüyü polkovnikin maraqlandığı əsas məsələ idi. Eşitdiyinə görə, yaşlı qadın öz evindəkindən çox bizim evdə çalışırmış, qardaşı oğlunun balaca qızının xəstəxanadan çıxıb-çıxmadığını soruşdu. Belə bir uşağın varlığından heç xəbərim də yox idi. Mənə elə gəlir ki, Emerencdən qorxmağa başlamışdım.

***

Emerenc evimizdə iyirmi ildən artıq xidmət etdi. Lakin ilk beş ildə aramızdakı məsafəni, demək olar ki, çox həssaslıqla tənzimləyirdi. Şəxsən mən çox asanlıqla dostluq quran insanam, hətta tanımadığım adamlarla da söhbət etməkdən zövq alıram. Emerenc isə sadəcə vacib bir mövzu varsa danışar, dərhal da davam etdirdiyi və xüsusi diqqət yetirdiyi işinin başına dönərdi. Onun iyirmi dörd saatı tamamilə dolu olurdu. Evinin dörd divarı arasına başqalarının girməsinə icazə verməsə də, yenə bütün xəbərlər onda cəmləşərdi. Evinin qarşısı əsl məlumat bürosu kimi işləyirdi. Hamı eşitdiyi, bildiyi bütün xəbərləri, ölüm, rüsvayçılıq, fəlakət və ya xoş xəbərləri ona məruzə edirdi. Emerenc xəstələrin qayğısına qalmağa xüsusi diqqət yetirirdi. Onu, demək olar ki, hər gün küçədə əlində üstü örtülü bir qab aparan görürdüm. Qabın şəklindən nə olduğu anlaşılırdı. Özünün məhəllədəki xəbər mənbələrindən kimin bəsləyici qidaya ehtiyacı olduğu barədə məlumat alır və böyük qablarda yemək aparırdı. Emerenc ona harda ehtiyac olduğunu həmişə tam dəqiqliyi ilə bilirdi. İnsanlar heç bir gözləntiləri olmadan ona ürəklərinin sirlərini açırdılar. Qarşılığında ondan hamıya məlum olan sözləri və ya heç kimə sirr olmayan hadisələri eşidəcəklərini bildikləri halda yenə bunu edirdilər. Siyasətlə maraqlanmırdı, sənətlə heç bir əlaqəsi yox idi. İdman haqqında heç nə bilmirdi. Ətrafda danışılan evliliyə xəyanət hadisələrinə diqqətlə qulaq asır, amma qətiyyən heç kimi mühakimə etmirdi. Ən çox xoşuna gələn şey, havanın necə olacağına dair əvvəlcədən fikir yürütmək idi. Çünki əvvəl də qeyd etdiyim kimi, qəbirüstünə ziyarətə gedəcəyi zaman, həddən artıq qorxduğu fırtınanın yaxınlaşıb-yaxınlaşmayacağını əvvəlcədən müəyyən edirdi. Əslində havanın durumu, sadəcə onun “sosial həyatı” adlandıra biləcəyimiz hadisələrin gedişatını deyil, eyni zamanda payız-qış günlərini də saatbasaat müəyyənləşdirən bir amil idi. Elə ki, şiddətli soyuqlar düşdü, qar yağmaları və çovğunlar Emerencin həyatına adətən hökmranlıq edirdi. Məhəllədəki bütün böyük binaların qarşısına yığışan qarı yaşlı qadın təkbaşına kürüyərək təmizləyirdi. Hətta axşamdan xeyli keçmiş və ya səhərin erkən çağları istisna olmaqla, heç radioya qulaq asacaq vaxtı da olmurdu. Sonrakı gün havanın necə olacağını küçədən ulduzlara baxaraq təxmin edirdi. Ulduzlara dədə-babadan qalma isimlər vermişdi, onların parlaqlıqları və ya solğunluqları hava durumundakı dəyişiklikləri Emerencə meteorologiya mərkəzindən daha tez xəbər verirdi. On bir binanın qarşısındakı qarı kürüməyi öz üzərinə götürmüşdü. Küləkli havada onu tanımaq mümkün olmurdu, həmişə xüsusi diqqət yetirdiyi bədənini o qədər çox sarıyardı ki, bələkdəki uşağa oxşayardı. Həmişə parıldatdığı ayaqqabılarının əvəzinə rezin çəkmələr geyinərdi. Bəzən insanda belə bir təsəvvür yaranırdı ki, sərt keçən qış aylarında Emerenc nə evinə gedir, nə də Tanrının digər bəndələri kimi yatıb dincəlirdi. Sanki elə küçələrdə qalırdı. Əslində vəziyyət həqiqətən də belə idi. Emerenc qətiyyən uzanaraq yatmazdı, sadəcə yuyunduqdan sonra paltarlarını dəyişdirərdi. Əşyalarının arasında yataq yox idi, sadəcə “sevgililər oturacağı” adlanan divanda oturaraq mürgüləyirdi. İddiasına görə yatağa uzanan kimi üzərinə müdhiş ağırlıq çökür, başı gicəllənirmiş. Oturduğu zaman onurğasındakı ağrı çəkilirmiş, buna görə də yatağa ehtiyac yox idi.
Qar çox yağdığı zaman binaların qarşısındakı qarı təmizləyərkən, təbii olaraq, ilk təmizlədiyi yerləri yenidən qar təbəqəsi örtərdi və Emerenc ayağında yekə çəkmələr, əlində özündən böyük, qurumuş kol-kosdan düzəldilmiş süpürgəsi ilə bir binadan o birisinə qaçır, heç balaca divanında da olsa istirahət etməyə imkan tapmırdı. Belə qarlı günlərdə Emerenci evimizdə görməməyə öyrəşmişdik. Bu mövzuda onunla heç nə danışmırdım. Danışmağın mənası da yox idi, çünki, belə başa düşürdüm ki, onun bu iş üçün kifayət qədər inandırıcı bəhanəsi var idi, hərçənd ki, bir dəfə də olsun dilinə gətirməmişdi. Belə ki, Emerencə görə, “heç olmasa bizim başımızın üstünü örtən damımız vardı, küçədə qalmamışıq”. O, ümumiyyətlə ev işlərində usta idi, təkrar bizə vaxt ayırana qədər gözləməliydik və bu arada ortaya çıxan çatışmazlıqları o həll edəcəkdi. Ayrıca bir az əyilib-qalxmaq mənim üçün heç də pis olmazdı. Yağan qar səngiyən kimi Emerenc yenidən meydana çıxar, evi möcüzəvi şəkıldə yığışdırıb təmizləyər və heç bir izahata ehtiyac görmədən mətbəxdəki masanın üzərinə ya qızartma, ya da bir məcməyi dolu ballı qoğal qoyardı. Evə müəmmalı bir şəkildə daxil olan bu yeməklər, eynilə məni təhqir etdiyi gün mətbəxə qoyduğu dilimlənmiş toyuq yeməyi ilə eyni mesacı verirdi. “Siz özünüzü yaxşı apardınız”- deyirdi xörəklər, sanki balaca məktəb uşaqlarıydıq və heç pəhriz də saxlamırdıq,” yaxşı oğlanlar və yaxşı qızlar mükafatlandırılmalıdır”
Bu qədər çox həyatı bir həyata necə sığışdırdığını başa düşməkdə çətinlik çəkirdim. Dayanmaq nədi, bilmirdi. Əgər əlində süpürgə görünmürsə, deməli o böyük məcməyini yeməklə doıdurub harasa aparır və ya tapdığı bir heyvanın sahibini axtarır, sahibi yoxdursa heyvanı birinin öhdəliyinə verməyə çalışırdı. Bu məsələləri adətən uğurla həll edirdi, əks təqdirdə həmin heyvan, it və ya pişik olsun, zibil qablarının arasında gəzərək özünü doyuzdurur, sonra qəfildən yoxa çıxırdı.
O, Müxtəlif yerlərdə uzun müddət çalışmışdı, kifayət qədər də yaxşı qazanmışdı, amma qətiyyən bəxşiş qəbul etməmişdi. Bunu anlayışla qarşılayırdım, lakin verilən hədiyyələri niyə geri qaytarırdı, bax bunu başa düşə bilmirdüm. Onun sadəcə verən əli vardı, alan yox... Əgər başqa biri ona sürpriz hazırlayardısa, sevinmək bir tərəfə dursun, əsəbiləşirdi. Bəlkə “axırda verdiyim hədiyyəni qəbul edər” ümidi ilə uzun illər boyunca təkrarladığım sınaqlar heç bir müsbət nəticə vermirdi. Hər dəfə də kobud şəkildə, gördüyü işlər üçün əlavə ödənişə ehtiyac olmadığını deyirdi. Mən də pərt olaraq uzatdığım zərfi geri çəkməyə məcbur olurdum. Yoldaşım bu vəziyyətə gülərdi, “Emerenci ələ almağa çalışma və onda olanları dəyişdirmək üçün özünü yorma” deyərdi. Ən sıxışıq vaxtlarda, heç bir qayda-qanuna tabe olmasa da, bütün ehtiyaclarımızı ödəyən və bir fincan qəhvəni də qəbul etməyən, gah görünüb, gah da qeyb olan və qətiyyən normal sayılmayan bu kölgənin tam da ona uyğun olduğunu bildirərdi. Emerenc sözün əsl mənasında ideal bir köməkçi idi. Lakin mən bununla kifayətlənmirdim. Mənim problemim hamı ilə mənəvi yaxınlıq qurmaq istəməyim idi. O vaxtlar Emerenc hamı kimi bizdən də uzaq durmağa çalışırdı. Hətta yanında olmağımızı da istəmirdi və bunu qəbul etmək mənim üçün heç də asan olmamışdı.


HZ. İSANIN QARDAŞ VƏ BACILARI

Həqiqətən də, həyat yoldaşım çox ağır xəstəliyə tutulana qədər, Emerenc uzun illər aramızda məsafə saxladı. Açığı, yaşlı qadın başımıza gələn heç bir hadisə ilə maraqlanmırdı. Yəqin ki, dərk etmədiyi bu həqiqəti ona desəm, bəlkə də kövrələr və gedib bir məcməyi xörək hazırlayardı. Amma ona heç nə hiss etdirmədim. Xəstəmi, ağciyər əməliyyatı üçün aparanda, bina sakinləri və ətrafda yaşayanlar kimi Emerenc də hara getdiyimizi bilmirdi. Baş verənlər haqqında heç bir təsəvvürü yox idi. Heç əməliyyatdan əvvəl keçirilən müayinələrdən də xəbər tutmadı. Nəhayət evə qayıtdıqda, Emerenc divanda oturub, önlüyünün üzərindəki kiçik gümüş qaşıqları təmizləyirdi. Əməliyyat təxminən altı saat çəkmişdi. Əməliyyat otağının qapısının üstündə yanan işıq lampası, sanki üzərində cərrahiyyə əməliyyatı aparılan şəxsin bəlkə də bir daha bu işıqlı dünyaya gözlərini aça bilməyəcəyini xatırladan işarətə oxşayırdı. Hansı vəziyyətdə evə daxil olduğumu anlatmağa ehtiyac yox idi. Emerenc, ilk dəfə, həyatımda baş verən ən vacib hadisələrin birindən təcrid olunmuşdu. O günə qədər ona təfərrüatlardan arındırılmış ümumi məlumatlar verirdim. Yaşlı qadının baxışları üzərimdəydi. Onunla bir yad kimi rəftar etmişdim. Bəlkə də ölümlə sonuclanacaq bir cərrahiyyə əməliyyatından duyduğum böyük qorxu hissini onunla bölüşməmişdim. Bunları mənə incikliyini hiss etdirmədən, amma qəzəbli səslə anlatdı. Mən isə cavabında bu günə qədər onun bizim həyatımızla qətiyyən maraqlanmadığını düşündüyümü dedim. Ayrıca başımıza gələn bu bədbəxt hadisədən onun bu qədər məyus olacağını mən hardan bilə bilərdim? Sonda onun xətrinə dəymək istəmədiyimi, mümkünsə məni yalnız buraxmağını çox yorucu bir gün keçirdiyimi, hələ də nəticənin necə qurtaracağının bəlli olmadığını və erkəndən yatmaq istədiyimi dedim. Emerenc mənim bu sözlərimi eşidən kimi dərhal çıxıb getdi. Çox incimişdi. “Bir də bu evə qayıtmaz” deyə fikirləşdim. Amma heç yarım saat keçməmişdi ki, evin içərisində nə isə axtardığını eşidərək təzəcə qərq olduğum yuxudan oyandım. Emerenc, əlində içindən buxar çıxan bir qədəhlə yanıma gəldi.
Dəmir sini içərisindəki qədəh əsl sənət əsəri idi. Qalın, gecə mavisi şüşədən düzəldilmişdi. Üzərindəki işləmədə, bəzəkli oval çələng içərisində iki əl var idi. Qadının biləyində bilərzik, kişinin biləyində i