Qəhrəman maraş: Tufanlara tapşırılmış ürək!

qehreman-maras-tufanlara-tapsirilmis-urek
Oxunma sayı: 1434

Türk əruzunun bu şahanə əsərinin istiqlal mücadiləsindəbütöv ordular qədər iş gördüyü günü bu gün də diricəgözlü əfsanələr əfsanəsidir. Bütün dövrlərin, bütün zəmanələrin ən ağlasığmaz faktlarından, həm də, sadəcə, mədəniyyət faktı yox, bütöv bir xalqı ayağa qaldıraraq, arslan kimi döyüşə hayqırdan tarixi bir fakt! İndi isə bu zəlzələ… «Yavrum, bəs nədən başqa şeiri yox, öz-özünə məhz bunu deyirdin?» - «Əfəndim, onu deyəndə qorxum yavaş-yavaş elə çəkilib getdim-bildim ölməyəcəyəm, bundan sonra necə ölə bilərəm axı?» Və qızcığaz teleekranda ikiəlli üzünü qapayaraq astadan habqırdı…

Həmin marşa görə, çox böyük ehtiyac içində olan Mehmet Akif Ərsoya ciyərdolusu pul mükafatı ayrılmışdı. M.Akif bəy heç bir şərh vermədən mükafatı dinməzcə dövlət xəzinəsinə qaytardı. Mükafatdan xəbər tutan bir tacir M.Akif bəydən borcunu almaq üçün onun yanına gedib dönə-dönə israr edəndə ünlü uzmanımız «Canım, mənim sənə borcum var, türk xalqının ki, sənə borcu yoxdur?» söyləmişdi. Xeyli sonralar «M.Akif bəy, bir də belə istiqlal marşı yaza bilərdinizmi?» deyə soruşulanda bəy əfəndimiz dərhal: «Allah eləməsin, bir də bu xalqın başına elə müsibətlər gəlsin ki, mən də durub təzədən «İstiqlal marşı» yazım» deymişdi.
Bu müsibət isə sadəcə müsibət deyildi. Can verməkdə olan Osmanlı imperatorluğunu öz aralarında bölüşdürüb yox etməyə çalışan ABŞ, Fransa, İngiltərə, İtaliya, Yunanıstan və əlbəttə ki, ermənilərin qanlı iştahanın qana yeriklədiyi bir dövr idi. Zaman-zaman xaçlı yürüşlərlə, səlib-əhmər fitvalarıyla axın-axın tökülüb gələrək, əvvəlcə səlcuqların, sonra osmanlıların sivri qılıncına doğranan Qərb artıq tam əmniyyətlə türkün bağrına çökərkən ilk atəş sədası Maraşdan gəldi - 1919-cu il!

Dövlət Ana işğal olunmuşdu. Hətta müttəfiqlər arasında ən gözəl ərazilər uğrunda möhkəm sövdələşmə, pərdəarxası alver də gedirdi, deyəsən, qərinələr boyunca arzuladıqları səadətə belə asanlıqla qovuşa biləcəklərinə inana da bilmirdilər. Tarixi məqamı neçə əsr marıtdayıb gözləyən ermənilər də, məlum məsələdir ki, göyün yeddinci qatındaydılar. İngilis qüvvələriylə yer dəyişmək üçün Maraşa gələn fransız əsgərlərini ermənilər əllərindəki bayraqlar və cah-cəlalla qarşılamışdılar. Şəhər içində «Yaşasın Kilikiya Ermənistanı, rədd olsun olmanlılar!» deyə təntənəli bir nümayişdə də bulunmuşdular.

Fransızlar erməni qüvvələrinə də öz hərbi formalarını geydirərək, onları iş başına buraxmışdılar. Şəhərdə həqarət başdan aşırdı. Maraş küçələrində sərxoş ermənilərin qarta0qurtlu hay-küyü tədricən bir adət halını almaqda idi. Bir dəfə bu sərxoş «əsgər»lərdən biri hamamdan çıxan bir qadının qarşısını kəsərək «Artıq burası» türklərin deyildir, fransız məmləkətində çarşabla gəzilməz!» deyərək çarşabı cırdı. Çarşabı cırılan qadın özündən getdi. Hadisəni Kəl Hacının qəhvəxanasından seyr edən türklər əlbəhəl çölə çıxdılar. Çaxnaşmada ermənilərdən biri silah çəkib Çaxmaqçı Səidi yaraladı (o sonra bu yaradan da keçindi). Bu zaman hadisə yerinə gələn Südçü İmam da tapançasını ilk atəşilə ermənini öldürdü. Maraş qəddini dikəltdi - DÖYƏCƏYİK!.. Xatırladım ki, həmin vaxt Osmanlı ərazisində təlatümlü köç axını, yerdəyişmə, taledən baş götürüb qaçma halları da mövcud idi. Məsələn, elə Qərbi Anadoluda 150 min kişinin hicrət etməsi vaxtı çox-çox iztirablı şeylərdən xəbər verir. Maraşda isə bir nəfər də olsun yerindən tərpənməmişdi, həm də maraşlıların qırımından görünürdü ki, onlar qəzavü0qədərə boyun əymək fikrində də deyillər - tufanlara tapşırılmış ürək özü özbaşına gizli-gizli intiqama hazırlaşırdı.
Daha fırtınalı hadisə isə günlərin bir günü, cümə namazı zamanı baş verdi. Xırdaca bir haşiyə ilə cümə namazının əsl mahiyyətini xatırladım. Vaxtilə respublikamızda, elə Bakının özündə nə üçün, cümə namazı qılınmır, nə üçün, buna icazə verilmir deyə, düz Allahşükür Paşazadəyəcən, Prezident aparatınacan gedib çıxdım, amma doğru-dürüst bir cavab ala bilmədim. Əsl həqiqəti usta riyakarlığı ilə məndən gizlətdilər, halbuki, əsl həqiqətin nə oldğunu onların hamısından yaxşı bilirdim. Əsl həqiqət isə budur: Cümə namazı - İslamın Azadlıq meydandır, xalqı bir yeə toparlayan yüksək bir mənəviyyat kürsüsüdür. Burda xütbə oxuyan əvvəlcə mövcud şərait barədə möminlərə doğru-dürüst məlumat verməli, ümumilikdə yekdil qərar çıxarılmalı, sonra namaza oturmalıdılar. Şərq tarixində bir çox dəhşətli üsyanlar məhz cümə namazından sonra baş verib.

Fransız işğal qüvvələrinin başçısı Andre 1919-cu il noyabr ayının 27-də maraşın sayılıb-seçilən kişilərinə kağız göndərərək görüşmək üçün onları Abdulkadır paşanın imarətinə dəvət etdi. Maraşın ağır-sambal kişiləri bu toplantıya qatılmağın millət və məmləkət üçün zərərli olacağını düşünərək bundan imtina etdilər. Və öz qərarlarını şəhər əsnafına da bildirdilər. Andre cin atına mindi!
Həmin günün axşamı o, Xırlakyanların evində, onun şərəfinə verilən ziyafətdə idi. Xırlakyanlar Maraş erməniləri içində ən nüfuzlu ailələrdən sayılırdı. Akop ailənin ən böyüyü idi. Onun qardaşı Gevorq Sultan II Əbdülhəmin tərəfindən saraya dəvət edilmiş və orada dekorator vəzifəsində aşıb-daşan sərvət yiyəsi olmuşdur. Axşam Xırlakyanlar ailəsi ilə şən ziyafətdən sonra Andre Hovsepin qızı Yelenanı rəqsə dəvət etdi. Ancaq Yelena: «Nə fransız, nə erməni bayrağının bulunmadığı bir məmləkətdə dans etməyi sevməm» deyə rəqs təklifini rədd etdi. Yelenanın istəyi üzrə Andre əsgərlərinə Maraş qalasından türk bayrağını endirmək əmrini verdi. Yalnız bundan sonra Yelena Andrenin rəqs etmək təklifini qəbul etdi.
Andre maraşa gəldiyi ilk gündə türk bayrağının endirilməsi barədə sərəncam vermişdi. Lakin mütəsərrif Ata bəy onu çəkindirərək: «Müsyo, maraşlılar bayraq divanəsidirlər, ehtiyatlı olun bir iğtişaş qopması» demişdi.

Qaladan türk bayrağının endirilmiş olduğunu xəstə yatdığı əcəl yatağından görən Mehmet Ali bəy duyduğu üzüntünün dərhal qısa bir müraciətlə millətə xitab edərək bu, xitabın yazılı nüsxələrini şəhərin gözə çapacaq yerlərində yapışdırtdı. Mehmet Ali bəy başqa cür ölməyi öz şərəf və ləyaqətinə sığışdıra bilmirdi.
Cümə namazı öncəsi camaat çoxalmışdı. Hamı fırtınalı bir intizar içində idi. Möhkəm mübahisənin bir yerində köhnə hərbiçi Kənan bəy bildirdi ki, 2 həftə bundan əvvəl İstanbulda olub, orda da bayraqlar endirilib! Bir kimsə dillənmədi. Camaat bu duyğular içində camiyə girdi. Əzan oxundu, sünnətlər qılındı. Xatib xütbəyə başladı. «Əlhəmdülillah!» deyilər-deyilməz birdən çöldə bir gurultu qopdu. «BAYRAKSIZ NAMAZ KILINMAZ!» deyə qəzəbli səslər eşidildi. Minbərdə bulunan Ulu amil imamı Ridvan xoca da xalqın duğularına tərcüman olaraq camaatın doğru söylədiyini, hürriyyəti əlindən alınmış bir millətin Cümə namazı qılmasının dində caiz olmadığını bəyan etdi. Xalq birdən-birə tüğyana gəldi. Hiddətli qara sel məsciddən çıxanda bir himm gözləyən Maraş böyükdən-kiçiyəcən artıq ayaq üstə idi. Qalayp doğru getdikcə böyüyən qələbəlik qarşısına çıxan hər şeyi silib-süpürmək əzmindəydi. Ermənilər qapılarını bərk-bərk bağlayaraq siçan deşiyini satın almağa hazır idilər. Qalanın qapısı fransız qüvvələri tərəfindən qapadılmışdı. Xalq qala divarına dırmaşıb qalaya girdi və qapıları taybatay açdı. Fransızlar vuruşmağa başlamaqdan ehtiyat edərək arxa qapıdan qaçdılar. Bürcləri birinci aşan onbaşı Osman Erşan qocaman türk bayrağını qala bürcünə taxtı.

Sonralar Türkiyə Böyük Millət Məclislərində Maraş deyil, Kahraman maraş deyə rəsmən öyülən şəhər bütün ölkəyə görk oldu. Ən böyük savaşlar isə təbii ki, hələ irəlidə idi. Qanlı çarpışmalarda da, küçə döyüşlərində də Qəhrəman Maraş az itki vermədi, lakin mücadilənin heç bir mərhələsində onun cəngavər ruhunu qıra bilmədilər - maraş zəfəri ilə ölkə qalxdıqca qalxındı.

Milli mücadilənin avanqard sırasında qocaman türk bayrağına sonsuz sevgisilə bu şəhər ürəyimin başında özünə necə yer tapmmışdısa, hələ sovet dövründə beş dostumun oğlunun adını Maraş qoymuşdum və onlar indi öz adlarının çox yaxşı fərqindədirlər. Öz dövrümüzdə isə nümayişdə polis kapitanı əlimdən bayrağımızı zorla alıb, ayağının altında iki cırıb üstümə tullayaraq: «Al köpəkoğlu, zir-zibilini!» söyləyəndə olmazın qüssəylə: «Eh, Maraş!.. Maraş!..» demişəm. Amma xoşbəxtlikdən həyatımın ən dəhşətli anında da fransız missioneri Matreno Mürrenin türklərin Maraşdakı rəşadəti barədə sözlərini heç vaxt unutmamışam: «Özündən min dəfə güclü rəqibinin qaçdığını görərək yerində qalan xoruzun şakkır-şakkır ötməyə haqqı vardır!»

«Davam» qəzeti