“Dədə Qorqud”dakı erməni sözləri - - Polemik qeydlər

dede-qorquddaki-ermeni-sozleri-
Oxunma sayı: 13081





""Kitabi - Dədə Qorqud"un dilində erməni sözləri varmı?"

Dünyada yalnız öz sözlərindən ibarət dil yoxdur və ola da bilməz. Çünki yer üzündə hər şeydən ayrılan, ətraf xalqlardan, millətlərdən təcrid olunan xalq yoxdur. İstər xoş, istər zor, istər mədəni yolla, istər müharibələrlə xalqlar bir-biri ilə təmasda, üzvi əlaqədə, yaxınlıqda olur, bir dildən başqa dilə sözlər keçir. Təbiidir ki, tərəflərin götürdüyü sözlərin kəmiyyəti eyni olmadığı kimi, alınan sözlərin keçdiyi dildə sonrakı aqibəti, o dilin leksik sistemindəki vəziyyəti, semantik tutumu, fonetik qabığı eyni olmayacaqdır. İki qütb – sözü alınan və sözü alan dillər arasındakı münasibət, interferensiya vəziyyəti mübahisəli, çətin, eyni zamanda maraqlı və zəngindir. Bu elə bir prosesdir ki, dilin daxili inkişaf qanunauyğunluqları ilə sosioloji-eksralinqvistik amillər üz-üzə gəlir. Məhz bu amillərin qarşılıqlı əlaqəsi, təsir nisbəti, həmahəngliyi əsas götürülərək alınma sözlər araşdırıla bilər.

Yalnız dilimiz üçün deyil, eyni zamanda, etnoqrafiyamız, tariximiz, psixologiyamız, estetikamız üçün ensiklopedik dəyər daşıyan “Kitabi-Dədə Qorqud” (KDQ) dastanları bir sıra mübahisəli məsələlərin elmi həlli üçün başlıca tutarlı qaynaqdır. Alınma sözlər baxımından da bu abidə xüsusi maraq doğurur. Buradakı alınma sözlərin dastanın söz tutumuna nisbətdə ideal azlığı ədəbi dilimizin tarixinin aydınlaşdırılması üçün çox əhəmiyyətlidir. İkinci bir tərəfdən, buradakı alınmalar KDQ boylarının yarandığı ərazinin dil arealını müəyyənləşdirməkdə mühüm rol oynayır.

KDQ dastanlarında ərəb-fars sözləri ilə yanaşı, erməni, gürcü sözləri də işlənmişdir. Dastanın qəhrəmanları ilə bir ərazidə yaşayan, gah savaşan, gah barışan, müxtəlif tarixi şəraitdə müxtəlif münasibətdə olan bu xalqların dilindən Dədə Qorqud oğuznamələrinin dilinə söz keçməsi labüddür.

Yüzilliklər boyu çiyin-çiyinə işləyib yaşayan qonşu qardaş xalqların birindən o birinə söz keçməsi qanunauyğun olsa da, bu proses araşdırılarkən elmi ölçü gözlənilməlidir. Bu baxımdan  filoloji elmlər doktoru R.A. Baqramyanın “Kitabi-Dədə Qorqud” dastanlarının dilində erməni sözləri” adlı məqaləsi bir sıra mübahisələr doğurur. ( 1).

Məqalənin məğzi ondan ibarətdir ki, qonşu Azərbaycan xalqının abidəsinə oturaq həyat tərzinə malik erməni xalqının çoxlu sözü keçmişdir. Müəllif dastanın məhz Qafqaz arealına, azərbaycanlılara aid olmasını erməni sözlərinin varlığında görür. Və qeyd edir ki, “bu sözlərin böyük bir qismi hələlik mübahisəli olduğu üçün onların 19-nu göstəririk” (1, 173).

Tədqiqatçı həmin sözlərin dastanlarda neçə dəfə işləndiyini saymış, Azərbaycan dialektlərində dialektoloji lüğət üzrə axtarmış və erməni dilinin etimoloji lüğətinə söykənərək onların erməni dilinə məxsus olması fikrini irəli sürmüşdür. Bizcə, məqalə müəllifi bir sıra nəzəri və təcrübi yanlışlıqlara yol verdiyi üçün səhv elmi nəticələrə gəlmişdir. Yenə də təkrar edirik ki, buradakı beş-üç alınma sözün varlığı qətiyyən qəbahət deyildir. Amma prinsip pozulduqda, elmi araşdırma öz yolundan sapdıqda biz məcburuq deyək ki, bir xalqın abidəsindən, özü də çox müqəddəs bir abidəsindən danışarkən o xalqın dilini, həmin abidənin özünü mükəmməl bilmək zəruridir. KDQ leksikası haqqında, oradakı alınmalar haqqında hökm verərkən heç olmasa, abidənin əlyazmasına baxmaq lazım idi.

Qəribədir ki, çox ciddi elmi mübahisə açan müəllif, ilk mükəmməl Azərbaycan nəşri kimi böyük əhəmiyyəti olsa da çoxlu oxunuş nöqsanları olan H.Araslı nəşrindən kənara çıxmamışdır. Halbuki bu məsələ ilə birbaşa və ya dolayı yolla bağlı olaraq dünya qorqudşünaslığının elmi nəticələrindən, F.Ditsin, V.Bartoldun, V.Jirmunskinin, K.Rifətin, O.Şaiqin, M.Erkinin, Ə.Dəmirçizadənin, Ş.Cəmçidovun, X.Koroğlunun, V.Valkerin, C.Levisin, Y.Haynin, E.Rossinin, C.Özrellinin, F.Kırzığoğlunun və b. araşdırmalarından, əlyazmanın oxunuş variantlarından istifadə olunmalı idi. Hələ biz qədim və müasir türk dillərinin lüğətlərini, abidələrini, SSRİ-də və xaricdə nəşr olunmuş qlossarilərini demirik.

Konkret bir dilin sözünü həmin dilin daxil olduğu ailədən, qrupdan ayırmaq olmaz. Rus sözünün mənşəyini tapmaq, inkişaf yolunu izləmək üçün onu Hind-Avropa dil ailəsindən, bu ailənin slavyan budağından; ərəb dilini sami dil ailəsindən... ayırmaq olmaz. Eyni analogiya Azərbaycan dili və onun mənsub olduğu türk dilləri ailəsi üçün də doğrudur. Tarixi leksikologiya və etimologiya üçün bu təhlil zəruridir.

Müəllifin üzərində dayandığı sözlərin erməni xalqı ilə tarixi, coğrafi, iqtisadi əlaqəsi olmayan türk dillərində (çuvaş, yaqut, şor, xakas, qırğız...), bəzi Ural-Altay dillərində (macar, mancur, monqol...) işlənməsi və həmin dillərdə bir neçə mənada mövcudluğu, bu dillərin leksik sistemindəki əsaslı yeri onların mənşəyi haqqında ən tutarlı sübutdur. Göstərilən, sözlərin bir dənə də olsun erməni kəlməsi işlənməyən Orxan-Yenisey abidələrində, uyğun mətnlərində, M.Kaşğarlının qala kimi ucalan “Divani-lüğət-i türk”ündə, Y.Balasaqunlunun “Kutadqu bilik” əsərində eyni və yaxın mənada çıxış etməsi elmi həqiqəti görüb dərk etmək üçün kifayətdir.

R.A.Baqramyanın təqdim etdiyi hər bir söz barəsində geniş danışıb etimoloji təhlil aparmaq, bu sözlər haqqında türkoloji ədəbiyyatda mövcud olan mülahizələri xatırlamaq olar. Ancaq bu cür geniş təhlil imkan xaricindədir. Biz bu sözlər barəsində müəllifin fikrinin məğzini, bu sözlərin əlyazma formasını vermiş, türk dillərində necə işlənməsini göstərmişik. Arabir bəzi mülahizələr də əlavə edilmişdir.

AL-(D-54, 6-cı sətir).

R.A. Baqramyan prof. H.Araslıya əsaslanıb (2, 158), al sözünün KDQ-da üç mənada – “hiylə”, “qırmızı”, “nəsil” mənalarında işləndiyini göstərmişdir. Qırmızı və nəsil mənalı al sözünün Azərbaycan mənşəli olduğunu qeyd edən müəllif həmin sözün birinci (hiylə) mənasını erməni dilindən keçmə hesab edir.

Göründüyü kimi, tədqiqatçı burada üç yanlışlığa yol vermişdir. Əvvəla, “nəsil” mənalı al sözü Azərbaycan deyil, ərəb mənşəlidir (3, 17). İkincisi, həmin mənaya dastanların dilində rast gəlinmir. Üçüncüsü isə, “aldatmaq”, “al dil”, “səni al aparsın” ifadələrinin tərkibində özünü göstərən “hiylə”, yalan” mənalı al sözü türk mənşəlidir, erməni dilindən keçməmişdir.

R.A.Baqramyanın verdiyi izahdan məlum olur ki, o prof. M.Şirəliyevin (4, 351-352) Azərbaycan dilinə gürcü dilindən keçmə sözlər sırasında verdiyi hal – “su pərisi” sözünə isnad edir (M.Şirəliyev də hal sözünü gürcü dilindəki ali ilə bağlayan V.Cangidzeyə əsaslanmışdır – 5, 101) və bu sözü gürcü deyil, erməni dilindəki alk sözü ilə bağlayır. Göstərir ki, həmin söz al şəklində Qazax dialektinə, oradan da Şamxora, Bərdəyə keçmişdir.

Erməni dilinin izahlı lüğətində alk sözünün bildirdiyi mənalar “cin”, “çox yeyən” və həm də “quyu”, “aşağı tərəf” kimi təqdim edilir (6, 16). Əksər türk dillərində işlənən bu sözün mənalarına diqqət yetirək:

1. Al – rəng bildirir (7, 124; 8, 31; 9, 24; 10, 61). 

2. Al – tərəf bildirir: “irəli”, “alt” (7, 124; 8, 32; 13, 42; 14, 26). 

3. Al – “hiylə”, “yalan” ( 15, 34; 16, 27, 7, 126; 9, 24). Bu mənada al sözü “Kutadqu bilik”də, M.Kaşğarlıda, uyğur yazılarında geniş işlənir (8, 31).

Göründüyü kimi, türk dillərində geniş işlənən bu sözün erməni sözü kimi təqdim edilməsinə heç bir əsas yoxdur. R.Açaryan da bu sözü erməni mənşəli hesab etmir (1, 164). 

Qədim türk inanışı – şamanizmlə bağlı olaraq qədim türk dilində, eləcə də Sibir türklərinin dilində işlənən bu söz “mələk”, “su pərisi” mənasında “al batdı”, “albasta” şəklində rus dilinə (11, 69); rəng bildirən söz kimi rus (11, 73), fars (12, 130 – 134) dilinə, bizim fikrimizcə, eyni qayda üzrə də erməni (6, 12) dilinə keçmişdir.

QUT – (qutlu, D – 76, 13-cü sətir).

 R.A. Baqramyan bu sözü “öymə”, “istək”, “sevgi”, “xahiş, yalvarmaq”mənası verən erməni dilindəki (qut) sözü ilə bağlayır, (qtod) – “qutlu” və (anqut) – “qutsuz” derivatlarını göstərir. 

Tük dillərinin çox qədim çağlarına gedib çıxan bu sözün müxtəlifv türk dillərindəki mənalarına diqqət yetirək:

1. Qut) ) kut – “səadət” ( cığatay, qırğız, uyğur, teleut, qazax, çuvaş, yaqut dillərində – 17, 305); “xöşbəxt”, “mübarək”, “uğurlu” (türk, qədim türk, qaqauz, qırğiz dillərində 9, 476; 8, 471 – 472; 18, 300; 13,452). 

2. Qut) ) kut – “ruh”, “can” (8, 471 – 472; 13, 452). Yaqut nağıllarında şamanizmlə bağlı ifadələr: ağa kut – “ata ruh”, sür kut – “dirilik ruhu” (19, 1261 – 1262).

Bu sözün derivatları da maraqlıdır: kut + at (maq) – “xoşbəxt etmək” (müqayisə et: “Kutadqu bilik” – xoşbəxtliyə, səadətə aparan elm): qut + lu – “uğurlu”, “mübarək”: Qut + suz – “bəxtsiz”, “uğursuz”. “Ürəkdə qut olmaq” ifadəsi Azərbaycan dilinin tipik idiomlarından biridir. Türk dillərinin lüğət tərkibindəki mövqeyi, söz yaradıcılığında, frazeologiya sistemindəki rolu və Orxan-Yenisey abidələrinin dilində işlənməsi onun əsil türk sözü olduğunu sübut edir.

Orğan – (D – 273, 11 və 13-cü sətirlər).

Tədqiqatçı orğan sözünü erməni dilindəki (arqan) sözü ilə eyniləşdirir. Müasir Azərbaycan dilində olan örkən sözünün də törədiyini iddia edərək yazır: “Bu sözdəki fonetik dəyişmə belə olmuşdur: (arqan) – arqan – orğan – orkən – örkən” (1, 165). 

İlk baxışdan belə bir fonetik dəyişmə inandırıcı görünür. Lakin orğan sözünün erməni dilindəki “tutuşmaq”, “tarım çəkmək”, “qoymaq” (1, 165) mənasını verən arq köklü arqan sözü ilə bir əlaqəsi yoxdur. Türk dillərində, o cümlədən Azərbaycan dilində hörmət, hörgü, hörmə, örkən, hörümçək və bu qəbildən olan digər sözlər eyni kökdən – hör// ör. törəmişlər (7, 602).

Müqayisə et: örkən hörüldü (8, 383); ör – “çit”, “pərdə”, örcin – “ip nərdivan”; örqü, örme, örmek, örü, örümçek, örmə (9, 574 – 575; 13, 559) və s. 

L. Budaqov “kəndirbaz” sözünü (urğançı) kimi qeydə almışdır )20, 125). E.K. Pekarski isə yaqut dilində işlənən “orqon” sözündən danışarkən türk dillərində “orkan” sözünün “uzun kəndir”, “orğan” sözünün isə “yoğun kəndir” mənasında mövcud olduğunu göstərmişdir (19, 1956).

Qədim türk, eləcə də müasir türk dillərində (Azərbaycan, türk, qırğız, yaqut, tatar və s.) öz derivatları ilə birlikdə geniş işlənən orğan // örkən sözünü erməni sözü kimi qələmə vermək ən azı türk sistemli dillərdən xəbərsiz olmaq deməkdir. Müəllif bilməliydi ki, Azərbaycan dilində sadə fel + şəkilçi = ad modelində gəlmə söz yoxdur.

QIVAN (MAQ) // GÜVƏN (MƏK) – (D-68, 7-ci sətir, B-21, 6-cı sətir).

R.A. Baqramyan KDQ-da işlənən qıvanmaq // güvənmək və Azərbaycan dilinin dialektlərindəki quarrammax (Şamxor), quallammax (Qazax) sözlərinin erməni dilindəki (qovan) və (qoval) sözlərindən törədiyini göstərir. Güvənmək sözünün KDQ-da indiki mənasında, qıvanmaq sözünün isə (akloranal) – “xoruzlanmaq” mənasında işləndiyini də qeyd edir.

Qıvanmaq feli KDQ-da R.A.Baqramyanın dediyi kimi, “xoruzlanmaq” yox, güvənmək sözü ilə sinonim cərgə təşkil edən “şadlanmaq”, “sevinmək”, “fərəhlənmək” mənasında işlənmişdir. Bu söz həmin mənada indi də özbək dilində işlənir (23, 131).

Aşağıdakı mənalarda rürk dillərində (qədim türk, tatar,rürk, yaqut, qırgız) çox geniş yayılmış bu felə və onun derivatlarına göz yetirək: “öymək” (21, 396) ; güvənmək, kıvanc, kıvanmaq (9, 308– 440).

Türk mənşəli bu fellərin leksik-semantik inkişafından bəhs edən Q. Bağırov (23, 130) və E. Sevortyanın geniş izahından sonra buraya bir şey əlavə etmək istəmirik. Yalnız onu xatırlatmaq istəyirik ki, R.Açaryan da vaxtilə (qovellemek) sözünün əsasında duran qov kökünün erməni dilinə məxsus olmadığını göstərmişdir (1.166).

QIRVAŞ (MAQ) // QARVAŞ (MAQ) – (D – 251, 3-cü sətir, D – 79, 7-Cİ sətir).

Müəllif qırvaşmaq // qarvaşmaq sözlərini erməni dilindəki (qriv) – “vuruşmaq” sözü ilə bağlayır.

“Əl ilə tutmaq”, “qarpışmaq, mənasında olan qırvaşmaq // qarvaşmaq sözlərinin əsasında duran qar // qaru // qarı sözünün mənşəyi və derivatları barədə Ə.Z. Abdullayev (24). Ə.M. Dəmirçizadə (25, 81 – 84) və E.V. Sevortyan (22, 352) geniş məlumat vermiş, həmin felin strukturası, semantikası və eləcə də kökü barədə çox tutarlı etimoloji qənaətə gəlmişlər. Təəssüf ki, tədqiqatçı bunlardan xəbərsizdir.

ÇÜRÜ (MƏK) – (D – 48, 5-ci sətir, B – 59, 9-cu sətir).

R.A. Baqramyan KDQ-da olan çürümək (2, 33 – 61) sözünü, müasir Azərbaycan dilindəki çürüntü, çürütmək, çürük, çürüklük, çürükçü və dialektlərdə işlənən çortan (Yerevan), çırtdan, çortdan, çortan (Ordubad), çortdan (Culfa) sözlərinin erməni dilindəki (çor) – “quru” sözündən törədiyini (çor, çör çür) göstərir. Bu sözün çör şəklində yalnız “çör-çöp” mürəkkəb sözünün tərkibində qaldığını qeyd edir (1, 171).

Bu felin türk dillərində yayılma dərəcəsi, derivatları və nəzəri şərhi üçün aşağıdakı mənbələrə baxmaq kifayətdir; çurumaa – “çürümək” (18, 38); çürük, çürükçül (mikrob), çürümək, çürütmək, çürüdülmək (9, 174); çor – “şiş”, “döyənək” (13, 868); həmçinin bax: (22, 407 – 441).

Azərbaycan dilində işlənən ifadələr də maraqlıdır: “sözü çürütmək”, “haqq-hesabı çürütmək”... Bu felin yayılma dərəcəsini və derivatlarını nəzərdən keçirdikdən sonra müəllifdən soruşmaq lazımdır ki, axı “quru” sözü ilə “çürümək” felini hansı semantik bağ birləşdirir? Məgər şəkilcə eyni olan hər sözü bir-birilə əlaqələndirmək olarmı? Özü də bunu sübutsuz-dəlilsiz iddia etmək elmə nə verir?

KƏNƏZ – (D– 5, 3-cü sətir, B – 4, 1-ci sətir).

Tədqiqatçı kənaz sözünün müasir Azərbaycan dili və dialektlərində işlənmədiyini göstərir və onu erməni dilindəki (qanaç) – “yaşıl” sözü ilə bağlayır.

Mühərrəm Ergin bu sözü (yaşıl) kimi oxumuşdur (26). Orxan Şaiq də həmin oxunuşla razılaşmış, “yaşıl”, “göyərmiş” mənalarında işləndiyini göstərmişdir (29). Türk dillərində həmin sözün aşağıdakı variantlarına rast gəlirik: kanas – “geniş”, “gen” (19, 1033); (müqayisə et: Azərbaycan dilində – gen // geniş) ; – yüngül”, “dayaz” (18, 299); kan – “gözəl” (oyrat, teleut, yaqut, şor dillərində – 17, 251).

Göstərdiyimiz mənbələrə arxalanaraq bu sözü gen // geniş mənasında (müqayisə et: gen yer) yaxud da göy // yaşıl mənalarının türk xalqlarındakı yaxınlığını nəzərə alaraq göy + əz // kök + əz mənasında qəbul edirik (müqayisə et: yaşıl // göy yer). Bu sözlər hər iki mənada ilkin türk sözləridir. Onların semantik quruluşu və derivasiyası barədə geniş danışmaq olar.

SUR – (D – 129, D – 132).

Müəllif sur sözünün dörd dəfə işləndiyini və həmişə (sur nizaq) – “iti nizə” tərkibində təkrar olunduğunu qeyd edir, onu erməni dilindəki (sur) – “iti, “kəsən” sözü ilə bağlayıb. Həmin söz türk dillərində aşağıdakı mənalarda mövcuddur: suralın – “itələmə” (19, 2359); surayın – “tarım” (15, 376); sur – rəng bildirir (27, 594, 10, 485; 13, 664; 19, 2359); sur – “tale” (9, 664), “ruh”, “can” (13, 664); sur – “səs”, “haray” (19, 2350, 8, 515); zor – “böyük” (28, 106).

Fikrimizcə, bu söz iti // kəsərli mənasında cida sözünün bədii təyini kimi işlənmişdir. Sözün yaqut dilindəki mənası bunu söyləməyə imkan verir. Güman ki, çoxlu mənaları olan bu söz erməni dilinə qonşu türk dillərindən keçmişdir. 

SÜNÜK – (D – 182, 13-cü sətir).

R.A. Baqramyan sünük sözünü erməni dilindəki (tsunk) – “diz” sözü ilə bağlayır və Azərbaycan dilinin dialektlərində olan zing (Sabirabad, İran Azərbaycanı), zınq (Salyan, Bakı), zınığ (Salyan), zingilə (Göyçay, Kirovabad) kəlmələrinin də həmin sözdən törədiyini qeyd edir. 

Türk dillərində bu söz geniş işlənir: sünk – “sümük” (27, 600); // – “sümük” (8,511); O. Şaiq bu sözün müxtəlif dialektlərdəki formalarını da göstərmişdir: sönük// sünük// sünek// söyek// suek// söngük suyuk – “kemik” (29, 284); (həmçinin bax: 17, 437, 22, 220).

Ehtimal ki, türk dillərində bu söz arxaik feldir (sün +mək), bu feldən sünük sözü törəmişdir. Sözün quruluş modeli onun türk mənşəli olduğunu aydınca göstərir. Digər tərəfdən isə, bu sözün “diz” kəlməsinin semantikasına münasibəti, eləcə də Azərbaycan dili dialekt və şivələrindən gətirilən tamamilə uzaq mənalı, oxşar formalı sözlər nəyi sübut edir, bilinmir.

ƏRQURU – (D – 257, 9-cu sətir).

Məqalədə deyilir: “Masir Azərbaycan dilində işlənməyən əqquru sözünə KDQ- da iki dəfə təsadüf olunur. Bu, erməni dilində “arxası üstə uzandırılmış” mənasında olan (arqori) sözündəndir.

“Ərquru” sözü KDQ- da iki dəfə deyil, səkkiz dəfə işlənmişdir. “Çarpaz”, “arpazbari”, “əyri”, eninə”, “köndələninə” mənasında olan bu söz dastanlarda əsasən “ərğuru yatmaq, ifadəsinin tərkibində işlənib.

Qorqudşünaslardan C. Öztelli bu sözün “əyri” mənasında Trabzon, Samson çivələrində işləndiyini göstərir (34, 206).

M. Rəsənen bu sözü uyğur, çuvaş, Sibir türklərinin dilində “çarpaz diametr”, “xaçvari” mənasında olduğunu dəqiqləşdirmişdir. (17. 26-27). Bizcə də, bu məna həmin sözün əsasında dayanır (bax: 29, 166; 8, 55). Bu cür mənşə bağlılığına, fonetik və semantik uyarlığa etinasız yanaşmaq olmaz. Kim etinasız yanaşırsa, qoy o sübut etsin ki, erməni sözü yaqut, çuvaş dillərinə nə vaxt, necə keçib...

QORU – (D – 265, 3-cü sətir, D – 255, 6-cı sətir).

Məqalədə bu söz erməni dilindəki (hor) – “quyu” sözü ilə bağlanır.

Qoru sözünün qədim türk dilində, eləcə də müasir türk dillərindəki mənasına və törəmələrinə diqqət yetirək: koru – “tikan”; koruğ – “müdafiə”; korum – “daşlıq”, “daş yığını” (8. 460); koru – “kiçik orman”; koruq, korluq, koruma, korumak (9, 456 – 457); koru – “qoruma” (13, 409); koru – “qorumaq” (10, 334) ; koru // korqau – “qorumaq” (28, 114); koroul, koru (19, 1118); qoru – “qoruq” (18, 283).

Azərbaycan dilində də geniş işlənən qoruq, qoruqçu qoruyucu, qorunma, qoruma (30, 548 – 549) kimi derivatları olan bu sözün erməni dilindən alınma olduğunu göstərən heç bir əsas yoxdur.

ŞUNA – (D – 249, 1-ci sətir).

R.A. Baqramyan ehtimal edir ki, KDQ-da işlənən şuna, şundan sözlərinin əsasında ermənicə olan (şun) – “it” sözü durur.

Türk dillərində işarə əvəzliyi olan şu sözü və onun yönlük haldakı şuna formasının erməni dilindəki şun sözü ilə heç bir üzvi əlaqəsi yoxdur. Buradakı oxşarlıq tamamilə təsadüfidir. KDQ-da “şu” əvəzliyi, demək olar ki, bütün hallar üzrə dəyişmişdir. Bu əvəzlik türk dillərində indi də geniş işlənir: (9, 682; 10, 647; 13, 913; 18, 572.)

Göründüyü kimi, müəllif kök – şəkilçi sərhəddini özü başa düşdüyü şəkildə ayırmış, bu abidənin hansı dilə məxsusluğunu unudaraq təxmin etdiyi mənanı konttekstə pərçim etməyə çalışmışdır. Nəticə göz qabağındadır.

R.A. Baqramyan KDQ-da işlənən DADI – (D – 77, 3-cü sətir), KƏLİSA – (D – 121, 1-ci sətir; B – 52, 5-ci sətir), XAÇ – (D – 124, 7-ci sətir; B – 69, 11-ci sətir), TƏKUR – (D – 152, 8-ci sətir; B – 52, 2-ci sətir), PİLAN – (D – 124, 7-ci sətir; B – 69; 11-ci sətir), HOLİ – (D – 255, 5-ci sətir) və AZNAVUR – (D – 39, 6-cı sətir) sözlərini də erməni dilinə məxsus hesab edir. Doğrudur, dastanların dilində rast gəldiyimiz bu sözlərdən bəzisi çox güman ki, erməni dili vasitəsilə keçmişdir. Lakin həmin sözlərin erməni mənşəli olması şübhəlidir. Belə ki, M. Rəsənen “dadı” sözünü “yemləyən”, “qulaq asan” mənasında fars mənşəli hesab edir (17, 129). Həmin söz türk dilində “uşağa baxan xidmətçi qadın” mənasında işlənir. (9, 177).

“Kəlisa” və “xaç” sözləri də bu qəbildəndir, yəni fars mənşəlidir (3, 279; 10, 602); KDQ dastanlarının dilinə erməni yox, fars dilindən keçmişdir. Tədqiqatçının kəlisa // kilisə sözünü erməni dilindəki (yeqetsi) sözünə bağlaması, onun fonetik dəyişməsi kimi göstərməsi də inandırıcı deyil.

Digər sözlərin mənşəyi də başqa dillərə gedib çıxır. Məsələn, “təkur” sözünün N.Meşşaninov xalq mənşəli hesab edir (32, t. 1. 72). “Pilan” sözünün O.Şaiq latın dilindən gəldiyini göstərir (29, 271). R.A.Baqramyan özü də etiraf edir ki, bu söz erməni dilinə yunan dilindən keçib.

“Holik” sözünün O.Şaiq tərəfindən (havlu) şəklində oxunması və qaqauz, türkmən, qazax dillərində işlənən aşağıdakı mənaları həmin sözün mənşəyi üçün maraqlı ola bilər:

Xolluk – “yeşik” – (18, 520); holu – “işarə əvəzliyi” – o” (27); xola – “topa, yığın, kəsək, yumaq” (28)

R.A.Baqramyan “aznavur” sözünü “gürcü əsilzadəsi” kimi izah edən H.Araslıya etiraz edir və həmin sözün erməni mənşəli olduğu hökmünü verən Ə.Yerevanlının fikrinə şərik çıxır.

Türk dialektlərində “sərt”, “əsəbi” mənasında (34, 206) işlənən bu sözü M. Rəsənen və H. Dörfer gürcü mənşəli hesab edir (17, 33). Bizcə də bu, kartveli mənşəli sözdür. “Aznavurlar” sözünün “Erməni Sovet Ensiklopediyası”nda “qədim Gürcüstanda əsilzadə” kimi izahı (33, 120) bu fikri təsdiq edir.

Bu 5–6 sözün alınma olduğuna şübhə yoxdur. Lakin həmin sözlərdə də etimoloji təhlilin bütövlüyü gözlənilməlidir. Yəni burada söhbət Hind Avropa dillərinə məxsus ortaq sözlərdən gedir; eyni zamanda bu xalqların bəziləri Azərbaycan xalqı ilə bilavasitə təmasda olmuşlar. Gərək müəllif bizim üçün çox maraqlı olan elə araşdırma apara idi ki, biz Hind-Avropa mənşəli sözün bilavasitə erməni dilindən keçməsinə inanaydıq, yaxud da vasitəçi dil kimi erməni dilinin rolu aydınlaşdırılaydı. Təəssüf ki, məqalədə bu istiqamət unudulmuş, Azərbaycan dili kimi, erməni dili də məxsus olduğu dil sistemindən təcrid edilmişdir.

Yuxarıda nəzərdən keçirdiyimiz sözlər haqqında bir də bunu demək istərdik ki, iki dil arasında sözlərin qayıtma faktını da unutmaq olmaz. Belə ki, erməni dilindəki çoxlu Azərbaycan sözləri kimi, nəzərdən keçirdiyimiz sözlərin əksəriyyəti də keçdiyi erməni dilindən Azərbaycan dilinə yenidən qayıda bilər.

Bu prosesdə semantik tipologiyanı və yaxud sırf təsadüfü də istisna etmək olmaz. Bir sözlə, türk dillərinin konkret faktlarından, onların dialekt və şivələrindən, eləcə də başqa Altay dillərinin zəngin dil materialından çıxış edərək yuxarıdakı sözlərin mənşəyi, derivatları haqqında geniş danışmaq, daha dəqiq nəticəyə gəlmək mümkündür. Şübhəsiz, biz R.A. Baqramyanin bu məsələyə yenidən dönəcəyini, səthi deyilmiş, sübut edilməmiş, zahiri oxşarlıqdan irəli gedilməmiş mülahizələrinin üzərinə yenidən qayıdacağını gözləyirik. Bunu Azərbaycan və erməni dillərin elmi zəmin üzərində dayanan, çox böyük nəzəri və təcrübi əhəmiyyətə malik olan müqayisəli semantik, tipoloji təhlil zərurəti və sovet alimi üçün hava-su qədər gərəkli olan elmi obyektivlik tələb edir.