Keçmiş deputatın məhkəməsi başladı

kecmis-deputatin-mehkemesi-basladi
Oxunma sayı: 2399

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesin ilk hazırlıq iclası keçirilib.

D.Xəlilovla birgə Rauf Əliyev, Şakir Musayev və Fərhad Əmiraslanov da təqsirləndirilir. İclasda anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, şikayətçi olan “Beynəlxalq Bank” və “Aqrarkredit Bank” ASC zərərçəkmiş şəxs kimi tanınıb.

Təqsirləndirilən şəxslər 50 milyon manat mənimsəməkdə ittiham olunurlar.

Məhkəmə prosesi fevralın 2-də davam etdiriləcək.

Qeyd edək ki, D.Xəlilov 2015-ci il fevral-iyun aylarında iş adamlarının saxlanılması əməliyyatı çərçivəsində həbs edilib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub və barəsində həbs-qətimkan tədbiri seçilməklə İstintaq Təcridxanasına köçürülüb.

D.Xəlilov “Globus Plaza”nın sahibidir. Beynəlxalq bankın keçmiç rəhbəri və hazırda həbsdə olan Cahangir Hacıyevin qohumu olan D.Xəlilov həmin bankla bağlı kreditlərin verilməsi və pulların mənimsənilməsi qalmaqalı ilə bağlı saxlanılıb.

Murad Əhməd