Su İdman sarayı istifadəyə verildi - Fotolar

su-idman-sarayi-istifadeye-verildi
Oxunma sayı: 11061

Respublikanın ən iri idman komplekslərindən olan Su İdman sarayı artıq əhalinin xidmətinə verilib. Qapılarını həm uşaq, həm də böyüklər üçün açmış kompleksdə müxtəlif növ idman məşqləri ilə məşğul olmaq mümkündür. Belə ki, ümumi sahəsi 2500 m/kv olan fitnes mərkəzi müxtəlif idman növləri üçün nəzərdə tutulub. Ümumilikdə 8 zalı olan fitnes mərkəzində əlavə olaraq rəqs, yoqa pilates, zumba, sayklinq qrupları və s. məşqlər üçün 15000 m/kv sahə ayrılıb.

Su İdman sarayı həm peşəkar, həm də üzgüçülər üçün nəzərə tutulmuş və respublikada analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib. Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla təmizlənir. Dərinlik isə müasir texnologiya ilə tənzimlənir.

Yarışlar üçün nəzərdə tutulan olimpiya hovuzunun uzunluğu 50, eni 25, dərinliyi isə 3 metrdir. Suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi 6 metrdir.

Üzgüçülüyü öyrənmək istəyən həvəskarla eni 50, uzunluğu 25 m olan 20 sıradan ibarət hovuzdan istifadə edə bilərlər. Qeyd edək ki, həftənin müəyyən günləri yalnız qadınlar üçün xüsusi saatlar təyin edilib.

Kompleksdə peşəkar məşqçilər tərəfindən 4-16 yaşlı uşaqlar üçün qrup məşqləri keçirilir.

Mərkəzdə həmçinin gözəllik salonu, SPA, terapiya və massaj kabinələri mövcuddur. Dincəlmək üçün bu mərkəzi seçən müştərilər sauna, buxar otağı, müxtəlif effektli duş kabinələri və cakkuzidən istifadə edərək xidmətlərdən tam razı qalacaqlar.

Valideynlər körpələrini xüsusi uşaq guşəsinə etibar edərək mərkəzin xidmətindən rahat və tələsmədən istifadə edə bilərlər. Uşaqlar burada tərbiyəçi və animatorlarla maraqlı və şən vaxt keçirməklə yanaşı müxətlif məntiq oyunlarında da iştirak edəcəklər.

Su İdman sarayı restoranında idman və klassik yemək menyuları təqdim edilir. Restoranın əsas xüsusiyyəti odur ki, burada şəxsi rasiona uyğun yeməklər seçmək mümkündür. Belə ki, təqdim olunan yemək inqredientləri və kalori miqdarı menyuda qeyd olunub.

Qeyd edək ki, kompleksin ətrafında 500 avtomobillik dayanacaq mövcuddur.

Fotolar: Nuran Məmmədov