Ruhi qaraya büründü... - Fotolar

ruhi-qaraya-burundu
Oxunma sayı: 9058

Tanınmış biznes-ledi Ruhi Əliyeva 20 Yanvar faciəsinə həsr olunmuş fotosessiya çəkilişinə qatılıb.

Qafqazinfo”nun məlumatına görə, o, İnstaqram hesabında şəhidlərimizlə bağlı hisslərini, qanlı gecəyə aid xatirəsini bölüşüb.

“Mən də anam kimi ailə qurub yaxşı övladlar böyüdürdüm. Uşaqlar xəstələnəndə səhərə qədər yatmır, ərimə bir şey olanda qorxurdum. Ailəsinə bağlı, adi arzularla dolu ömür sürürdüm. Sonra arzularım dəyişdi. Hamısı birləşib böyükləşdi. Vətənimi müstəqil görmək istədim. Bu arzu hər gün daha çox sarıldı mənə daha həsrətlə dikildi gözlərim Azadlıq meydanlarına.

Bir gecə Azadlıq cəlladları ölümü şəhərimizə göndərdilər. İşlərimi yarımçıq qoyub qardaşlarımıza arxa olmağa qaçdım. Anam deyirdi ki, kişilər nə qədər güclü olsalar da onlar həm də uşaq kimidilər. Çətin anlarda yanlarında olmaq, onları qorumaq lazımdı. Anam həm də deyirdi ki, kişilər arxalarından qadın hənirtisi eşidəndə ölümün qarşısını daha inadla kəsirlər. Tələsik küçəyə çıxdım. Hər yan insan idi. Şəhərini, ölkəsini qorumaq və nəhayət ki, Azadlığını qazanmaq üçün ölümün qarşısına çıxan insanlar... Onlara qoşuldum. O qədər çox idik ki, ölümün qaçmağa yeri qalmırdı. Nə qədər öldürürdü qurtarmırdıq. Nə qədər qan axıdırdı, torpaq həsrətlə o qanı ciyərlərinə çəkib azadlığımıza güc verirdi. Hər tində, hər küçədə uşaq, qoca, cavan...Sinəmizi ölümün qarşısına verir, onu küçədən-küçəyə, tindən-tinə daşıyıb artıq doğulmaqda olan Azadlığımızı qorxudub kölə etməsinə imkan vermirdik.

Ölümün ölən gecəsi idi 1990-cı ilin 19 günlük o yanvar gecəsi. O gecə biz hər addımda ölümü bağrımıza sıxıb qanımızda boğduq, qalanlarımız xoşbəxt, vətənimiz azad yaşasın deyə...O gecə biz ölümü özümüzlə birlikdə torpağa gömüb, ətrafında azad, müstəqil Azərbaycan ucalacaq böyük xiyaban yaratdıq. Səhər göydən qərənfillər yağdı, çoxlu qırmızı qərənfil... Örtdülər ölümün əməllərinin üstünü, yudular küçələrin qanını öz ləçəkləri ilə. Sonra divarlardan qara mərmər pəncərələr açıldı. Həmin pəncərələrdən o gecə Azadlıq cəlladını öz qanlarında boğan insanlar boylanmağa başladı. Göz qırpmadan Azərbaycanın Müstəqilliyinin əbədi məşəlinə keşik çəkən uşaqlı-böyüklü, kişili-qadınlı insan baxışları. Mən də onların arasındayam. O vaxtdan mən də ətrafımdakılar kimi bütün qalan işlərimi kənara qoyub öz pəncərəmdən hamımızın Azadlığını seyr edirəm”.

Qeyd edək ki, şəkillərin müəllifi Orxan Aslanovdur.

R. Əliyeva fotolarda qaraya bürünmüş kədərli qadın obrazını canlandırıb.