Azərbaycanda dillərə düşən gənclər - Yeni ili dağlarda keçirdilər

“Azərbaycanda dillərə düşən gənclər -  Yeni ili dağlarda keçirdilər
Oxunma sayı: 6679

Artıq dünəndən bəri sosial şəbəkələrdə hər kəs onların gördüyü işdən danışır. “Camping Azerbaijan” komandası bu il də kənd uşaqlarının nağıl dünyalarına rəng qatmaq üçün Şaxta Babanı ucqar dağ kəndlərinə qonaq aparıb. Fotolarda əks olunan uşaqların gözlərindəki sevinc komandanın bu dəfə də öz missiyasını uğurla başa vurduğundan xəbər verir. Ancaq bu uğuru qazanmaq, maraqla izlədiyimiz fotolardakı ala gözlü, al yanaqlı balacaları sevindirmək heç də asan olmayıb.

Layihənin rəhbəri, uşaqlar üçün isə sevimli Şaxta Baba olan Cavid Qara və komandanın başqa bir üzvü Elvin Məmmədsoy “Qafqazinfo”ya layihə ilə bağlı təəssüratlarını bölüşüb.

Kəndlərə aparılacaq hədiyyələri aylar öncədən toplamağa başladıqlarını deyən layihə rəhbəri bu il hər şeyin daha yaxşı olduğunu, komandanın daha da böyüdüyünü deyib:

“2 ildən çoxdur ki, bələdçilik işimlə əlaqədar tez-tez ucqar dağ kəndlərinə gedirəm. Keçən il fotoqraf dostumuz Zaur Mirzəyevlə Qusarın Yerğikek və Elik kəndlərindən qayıdanda bu ideya ağlımıza gəldi. Onda 3 nəfər bu işi başlatdıq. Bu il isə hər şey gözlədiyimizdən daha yaxşı oldu. Hədiyyələr də daha çox və daha keyfiyyətli idi. Belə deyim, daha çox uşağa hədiyyə çatdıra bildik”.

Layihə iştirakçıları dekabrın 23-də hədiyyələri uşaqlara çatdırmaq üçün yola düşüb. 10 gün ərzində havanın yaxşı olması onların işini bir qədər də asanlaşdırıb:

“Marşrut xəttimiz boyunca ayaqla hərəkət edirik. Əslində elə işimiz də budur. Ötən il hava şəraiti çox pis idi. Bəxtimizdən bu il elə bir çətinliyimiz olmadı. 5 dağ aşırımı, 100 km məsafə qət elədik. Hədiyyələri çantalarımızda daşıyırdıq. Amma çantalarımız boşaldıqca doldurmaq üçün öncədən yolüstü yerləşdirdiyimiz məntəqələrə baş çəkirdik. Həm məktəblərdə, həm evlərdə uşaqlarla görüşüb hədiyyələrini çatdırmışıq. Məsələn: Qubanın Qrız kəndində gecə evləri dolaşmışıq”.

Komandanın digər bir üzvü Elvin Məmmədsoyun sözlərinə görə, onlar kəndə yaxınlaşanda uşaqlar artıq Şaxta Babanın gəlişindən xəbərdar olubmuşlar:

“Cavid Şaxta Baba idi, kəndə girəndə artıq səs-soraq yayılırdı ki, Şaxta Baba bu il də gəlib. Çoxu gözləyirdi. Layihəyə 23-ü Qubanın Xanagah kəndindən başladıq, 1-i səhər Qusarın Yerğikek kəndində bitirdik. 31 dekabrda da elə həmin kənddə olmuşuq. Bayramı onlarla birlikdə keçirmək çox xoş oldu. Şaxta baba bu il bütün uşaqlara “gələn il də gələcəyəm”- deyə söz verdi. Hətta mən uşaqların gələn il üçün istəklərini qeyd etmişəm. Maraqlı istəklər bunlardır: Şaxta baba geyim dəsti, qar qız, kənd həyatı haqqında kitab, xəritə, Kitabi Dədə Qorqud kitabı, şeir kitabı, M.Ə. Sabirin əsərləri, Robinzon Kruzonun macəraları”.

Səfər əsnasında uşaqlarla maraqlı dioloqlar da olub:

“Qala Xudat kəndində bir uşaq Şaxta Babanın həqiqi olub-olmadığına tərəddüd edirdi. Mən də uşağı aldatmaq istəmədim. Saqqalımı çıxartdım. Uşaq əvvəlcə çox təəccübləndi, ancaq sonradan gülməyə başladı”.

Təşkilatçılar uşaqların ehtiyaclarının çox olduğunu bildiriblər. Ancaq onlar bu layihənin bir xeyriyyə aksiyası yox, sadəcə bayram sevinci olmasını istəyirlər. Ona görə də, uşaqlara əsasən, hədiyyələr və kitablar paylayıblar:

“Bu il uşaqlar üçün kitab, rəsm ləvazimatları çox almışdıq. Məncə, bunlara ehtiyac çoxdur. Demək olar ki, hər kənddə xüsusi istedadı ilə bizi təəccübləndirən uşaqlar oldu. Bizə çox adam deyir ki, hər dəfə başqa kəndlər gedin. Amma biz mütləq hər dəfə bu kəndlərə gedəcəyik. Çünki artıq uşaqlar bizi gözləyir. Gücümüz çatsa başqa kəndlərə də gedərik. Məsələn: bu il Qalaxudat və Qırız kəbdlərinə əlavə getmişik.

Son olaraq çəkdiyi fotolarla hamının üzündə təbəssüm yaradan layihənin fotoqrafı Elmar Əzimlidən bəhs edirik. Cavid Qaranın sözlərinə görə, fotoqrafın dağçılıq təcrübəsinin az olmasına baxmayaraq o, bir dəfə də gileylənməyib:

“Ayaqqabısı, geyimi zəif idi. Çətin aşırımlar keçmişik. Hətta 8-ci gün səhərdən axşamacan yol getməli olduq. Amma fotoqrafımız çox sadiq çıxdı, bir dəfə də gileylənmədi. Komanda olaraq biz bu işi bacardıq. Dəstək olan və dəyər verən hərə kəsə təşəkkür edirik ”.

Günel Hacı

Azərbaycanda dillərə düşən gənclər -  Yeni ili dağlarda keçirdilər
Azərbaycanda dillərə düşən gənclər -  Yeni ili dağlarda keçirdilər
Azərbaycanda dillərə düşən gənclər -  Yeni ili dağlarda keçirdilər
Azərbaycanda dillərə düşən gənclər -  Yeni ili dağlarda keçirdilər
Azərbaycanda dillərə düşən gənclər -  Yeni ili dağlarda keçirdilər

Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!