Şimali Koreya orbitə raket buraxdı

simali-koreya-orbite-raket-buraxdi-
Oxunma sayı: 1516

Çin Şimali Koreyanın orbitə raket buraxmasından təəssüflənir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin açıqlama verib.

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, açıqlamada deyilir ki, Çin Şimali Koreyanın orbitə raket buraxmaq barədə bəyanatı ilə tanışdır. “Biz Koreya Xalq Demokratik Respublikasının (KXDR) kosmosdan sülh məqsədləri ilə istifadə etmək hüququnu tanıyırıq, lakin bu hüquq BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə məhdudlaşdırılıb. Çin tərəfi Şimali Koreyanın beynəlxalq ictimaiyyətin ümumi etirazına məhəl qoymayaraq, ballistik raket texnologiyasından istifadə etməsinə təəssüflənir”, - deyə açıqlamada qeyd edilir.

Koreya yarımadasında gərginliyin artmasından narahatlığın ifadə edildiyi açıqlamada daha sonra bildirilir ki, Çin regionda sabitliyin və sülhün daimi olmasının dialoq və məsləhətləşmələrlə mümkün olacağına inanır.

Qeyd edək ki, Şimali Koreya fevralın 7-də səhər uzaq mənzilli raketlə kosmosa yerin müşahidə peykini buraxdığını bəyan edib. Koreya Respublikasının Yonhap agentliyi yazır ki, müşahidə peyki bəhanədir, əsas məqsəd ballistik raketi sınaqdan çıxarmaqdır. Cənubi koreyalı mütəxəssislər hesab edirlər ki, KXDR-in buraxdığı uzaq mənzilli raketin uçuş məsafəsi 10 min kilometrdən çoxdur.

Artıq Koreya Respublikası və Yaponiya da bu məsələdən narahatlıqlarını bildiriblər. ABŞ, Koreya Respublikası və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı müraciət edib. Yaxın saatlarda iclasın başlayacağı güman edilir.