Şimali Koreya nüvə sınağı keçirdi - Dünya ayağa qalxdı

simali-koreya-nuve-sinagi-kecirdi
Oxunma sayı: 11097

Şimali Koreya hidrogen bombasının uğurla sınaqdan keçdiyini bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk sınağın uğurla başa vurulması ilə bağlı xəbər televiziya vasitəsilə bəyan edilib. Qeyd edilib ki, hidrogen silahına sahib olmaq Şimali Koreya üçün tarixi hadisədir.

Bununla da, 2005-ci ildə özünü nüvə nəhəngi elan etdiyi vaxtdan bəri Şimali Koreya özünün 4-cü nüvə sınağını keçirmiş olub. Həmin sınaqlar nəticəsində isə BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyalar tətbiq edib.

Cənubi Koreya prezidenti isə Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Rəsmi Pxenyan isə öz növbəsində açıqlama yayaraq, bunu ABŞ-dan müdafiə olunmaq üçün etdiyini bəyan edib. Əgər Şimali Koreyanın suverenliyi pozulmazsa, heç vaxt silahdan birinci istifadə etməyəcək.

Baş verənlərlə bağlı Seulda Milli Təhlükəsizlik Şurasının təcili toplantısı keçirilib. Cənubi Koreya bəyan edib ki, aparılan kəşfiyyatın nəticəsi Şimali Koreyanın hidrogen bombasına sahib olmasını şübhə altına qoyub. Belə ki, nüvə sınağı nəticəsində  baş verən partlayışın gücü 6 kiloton, zəlzələ maqnitudası isə cəmi 4,8 olub.  Hətta uğursuz sınaq zamanı belə partlayışın gücü daha yüksək olmalı idi

Baş verənlərə Avtraliya hökuməti də etirazını bildirib və Şimali Koreyanın təxribatçı, təhlükəli davranışını sərt tənqid edib.

Rəsmi Paris də açıqlama yayaraq Şimali Koreyanı BMT TŞ-nın qətnamələrini pozmaqda ittiham edib və beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə çağırıb.

ABŞ isə Koreyanın nüvə sınağı keçirməsini təsdiqləməsə də, bu ölkəni beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. 

Yaponiya da bu addımı sərt tənqid edib və ölkənin Xarici işlər naziri bəyan edib ki, bu sınaq təhlükəsizlik üçün ciddi təhlükədir. 

Qeyd edək ki, baş verən təkanlarla bağlı Çinin bu ölkə ilə sərhəddə yaşayan əhalisi evakuasiya edilib.