Qalmaqallı saziş

qalmaqalli-sazis
Oxunma sayı: 1277

Azər Qismət

Artıq xeyli müddətdir ki, Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqı ilə razılığa gəldiyi bir məsələ qitənin sahibkarlarını, həm də sakinlərini narahat etməkdədir. Düzdür, saziş hələ imzalanmasa da, hadisələrin gedişatı göstərir ki, layihə reallaşacaq. Bununla da Avropanın məşhur brendləri sıradan çıxa bilər. Hər yerdə təhlükəsizliyin və demokratiyanın qarantı olduğunu bildirən ABŞ rəsmiləri Avropada baş verən etiraz aksiyalarına loyal yanaşırlar. Söhbət Avropada Azad Ticarət Zonasından gedir. Belə zonalarda məhsullar ucuz olur. Adamlar isə ucuz mala qaçacaqlar. Avropanın özünün istehsal etdiyi məhsullar isə satılmayacaq, zavod və fabriklər iflasa uğrayacaq.

Avropa İttifaqı ilə ABŞ arasında imzalanacaq Transatlantik Azad Ticarət Zonasının yaradılmasına dair sazişə qarşı kütləvi nümayişlərin keçirilməsi davam edir. Aksiyalara Həmkarlar İttifaqları, ictimai, ekoloji və hüquq-müdafiə təşkilatları qoşulub. Etirazçılar hesab edir ki, Amerika tərəfi Avropada Azad Ticarət Zonası yaratmamalıdır. Onlar bu qərara gəliblər ki, imzalanacaq saziş avropalıların maraqlarına ziddir, həmçinin ətraf mühit, əmək qanunvericiliyi və demokratiya üçün təhlükə yaradır. Sonuncu belə aksiyalar sentyabrın 17-də Almaniya və Avropanın digər ölkələrində də keçirildi. Əlbəttə ki, Transatlantik sazişə qarşı etirazlar cəmi 3 nümayişlə məhdudlaşmır. Bəs transatlantik saziş nədir və avropalılar nə üçün bu sazişə qarşı çıxır?

Rəsmi adı Ticarət və Sərmayələr üzrə Transatlantik Əməkdaşlıq olan sazişə dair hazırda ABŞ və Avropa İttifaqı rəsmiləri arasında danışqılar gedir. Saziş baş tutarsa, o zaman dünyadakı ÜDM-in 45%-dən çoxu azad ticarət zonasının payına düşəcək. İlk baxışdan uğurlu layihədir. Lakin...

Qeyd etdiyimiz kimi sazişin əleyhdarları bu layihənin Avropa demokratiyasına zidd olduğunu iddia edirlər. Belə ki, danışıqlar çox gizli aparıldığı üçün nəinki mətbuat nümayəndələri, hətta avropalı deputatlar da müqavilə mətni ilə tanış ola bilməyiblər. Hələ indiyə qədər mətnlə tanışlıq üçün heç bir şərait yaradılmır, bu barədə mətbuata gizli qadağa qoyulub. “Huffinqton post” məlumat verir ki, 2015-ci ildə Almaniya Bundestaqı sazişin mətni ilə tanış olmaq barədə ABŞ səfirliyinə müraciət ünvanlayıb. Lakin səfirlik müraciətə əhəmiyyət verməyib, mətn yenə gizli qalıb. Amma Avropa ölkələrinin bəzi mətbuat orqanları qismən də olsa sazişin mətnini əldə edə biliblər. Həmin məlumata görə, sözügedən saziş Amerika banklarının Avropada möhkəmlənməsinə şərait yaradacaq. Bu da Avropa qanunvericiliyinin zəifləməsi sayəsində mümkün olacaq. Sazişdə avropalıların hüquqlarını pozan daha bir bənd yer alıb. Burada işçilərin hüquqlarının müdafiəsi nəzərdə tutulmur və Həmkarlar Təşkilatları formal quruma çevrilir.

Hüquqşünaslar iddia edirlər ki, yeni saziş qoca qitənin hüquqi müstəqilliyinə də zərbə vurur. Belə ki iqtisadi mübahisələrə artıq yerli deyil, 3 hakimdən ibarət beynəlxalq məhkəmə baxacaq. “Röyters”in məlumatına görə məhz bu cəhət ədalətin təminatına şübhə yaradır.

Sazişin qismən məlum olan müddəalarından biri də norma və standartların uyğunlaşdırılmasıdır. Bu müddəa əsasən kənd təsərrüfatı mütəxəssislərini narahat edir. Aqrar sektor üzrə Avropa ilə ABŞ arasındakı norma və standartlar hansı səbəbdən uyğun gəlmir? Məsələn, Avropa qanunvericiliyi heyvanlara hormon terapiyasını və ya toyuq ətinin emalı zamanı xlorlu birləşmələrdən istifadəni qadağan edir. Lakin ABŞ qanunvericiliyi buna icazə verir. Sazişə etiraz əlaməti olaraq aksiyalarda iştirak edənlərin daha bir şüarı Geni Modifikasiya Olunan məhsullarla bağlıdır. Bu da Avropa sakinləri üçün qəbuledilməz haldır. Çünki neçə ildir ki, ekoloji məhsulların daha çox genişlənməsinə çalışan adamların menyüsünə yenə də GMO-nun daxil olması əlbəttə başadüşülən deyil. Adamlar narahatdır ki, saziş Amerika şirkətlərinin Avropaya geni dəyişdirilmiş məhsullar ixrac etməsi üçün bütün maneələri aradan qaldıracaq.

Ekoloqlar da narahatdır. İddiaya görə qanunvericiliyin uyğunlaşdırılması Avropadakı ərtaf mühit üçün yaxşı heç nə vəd etmir. Belə ki, qitədə qadağan edilmiş qazlar yenidən istifadəyə buraxılacaq. “Figaro” qəzetinin ekspert qrupu hesab edir ki, Amerikadan ucuz kənd təsərrüfatı məhsullarının maneəsiz gətirilməsi Avropada ənənəvi markaların sıradan çıxması ilə nəticələnəcək. Konkret olaraq kənd təsərrüfatı sektorunda xırda və orta sahibkarlar müflis olacaq. Bu da kütləvi işsizliklə nəticələnəcək.

Avropalı ekspertlər amerikalı həmkarlarının sənayedə yüz minlərlə yeni iş yerinin yaranacağı barədə proqnozlarını da əsassız hesab edirlər. ABŞ tərəfinin etirazçıları sakitləşdirmək üçün sazişi işsizlərə sürpriz hesab etməsi əsəbləri daha da tarıma çəkib. Çünki mətnlə tanış olmağa imkan verilmədiyindən, “sürpriz” sabun köpüyü timsalında və havaya uçurulan söz formasında qəbul edilir. Çünki avropalılar bunun yalan olmasını hələ 1994-cü ildə görüblər. Fransanın “Mediapart” analitik saytı iddia edir ki, təkcə 1994-cü ildə imzalanmış Şimali Amerika Azad Ticarət Assosiasiyası sazişi Avropada 700 min iş yerinin ixtisarı ilə nəticələnib. Buna görə də, Transatlantik sazişlə bağlı müsbət rəylər inandırıcı deyil.

Maraqlı cəhət həm də ondan ibarətdir ki, Avropanın rəhbər şəxsləri də öz sakinlərinə bu barədə məlumat verməkdən yayınırlar. Adamları da məhz bu amil incidir. Ancaq Avropa mətbuatından fərqli olaraq ABŞ KİV-ləri sözügedən sazişin vacib olmasına dair məqalələr dərc etməkdədirlər. Qitə sakinləri isə buna inanmırlar. Qeyd edək ki, saziş imzalanarsa, Avropada kütləvi etiraz aksiyaları davamlı xarakter daşıyacaq. Bunu hələ saziş imzalanmazdan əvvəl aksiya iştirakçılarının özləri bəyan ediblər. Necə deyərlər, bu hələ jurnaldır.