Qadın nazir başına gələnləri danışdı - Video

qadin-nazir-basina-gelenleri-danisdi
Oxunma sayı: 2234

Hollandiyada qadağa ilə üzləşən Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya, Enerji və Təbii Sərvətlər naziri Berat Albayrakla birgə Atatürk havalimanında mətbuat konfransı keçiriblər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rotterdam şəhərində qarşılaşdığı vəziyyətdən danışan Fatma Betül Sayan Kaya orada qeyri-inasanı, qeyri-əxlaqı rəftarla üzləşdiklərini deyib. Onun sözlərinə görə, məsləhətçisi, mühafizəçiləri və 5 nəfərlik heyət üzvləri nəzarətə alınıb. Xanım nazir onu da əlavə edib ki, Almaniya sərhədindəki polis bölməsinə aparılaraq orada 1,5 saat gözləməli olublar, çox kobud və sərt rəftara məruz qalıblar. F.Kayanın sözlərinə görə, polis əməkdaşları onunla görüşə gələn türkiyəli vətəndaşlara qarşı it və atlardan istifadə etməklə kütləvi zorakılıq tətbiq ediblər.

Üzləşdikləri duruma aydınlıq gətirən Təbii Sərvətlər naziri Berat Albayrak da Hollandiyanin qeyri-qanuni hərəkət etdiyini bəyan edib. O, “ Demokratiyanın beşiyi deyilən bir qitə, beynəlxalq hüquqa zidd nə varsa ayaqlar altına alıb tapdalayaraq, dünən axşam hamısını bütün dünyanın gözü qarşısında reallaşdırdı”,- deyə bildirib.

Xatırladaq ki, naziri Fatma Betül Sayan Kaya onu gözləyən insanlarla görüşmək üçün Türkiyənin Rotterdamdakı baş konsulluğuna getməyi planlaşdırırdı. Lakin polis bu diplomatik nümayəndəliyə gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olub, insanlara qarşı kütləvi zorakılıq tətbiq edilib. Çox sayda günahsız insan xəsarət alıb.

Aysel Kərimova