Londonda “Xocalı-25” musiqili anım tədbiri keçirilib

londonda-xocali-25-musiqili-anim-tedbiri-kecirilib
Oxunma sayı: 665

Dünən Londonun məşhur “Covent Garden” konsert zalında “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində 1992-ci il 26 fevral tarixində Xocalıda baş vermiş soyqırımın 25 ildönümünü anmaq üçün müxtəlif millətlərin nümayəndələri bir araya gəlib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) “Qafqazinfo”ya daxil olan məlumata görə, üç yüzə yaxın tamaşaçının qatıldığı tədbir “London Live” televiziyası ilə canlı yayımlanıb.

Anım konsertində Londonda yaşayan məşhur azərbaycanlı klassik musiqiçi və vokalçıları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Xocalıya həsr olunmuş anım gecəsini belə şərh edib: “Bu gecə bizə insanın vəhşi ola bilməsini, müharibənin isə ağır nəticələrə malik olmasını xatırlatdı. Bu gecə həm də Xocalı soyqırımının kimlər tərəfindən təşkil edildiyinin məlum olduğunu bildirdi.

Ədalət BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi qətnamələrin icra edilməsini tələb edir. Ədalət həmçinin Ermənistan rəhbərliyinin tutduğu cinayətlərə görə cavab verməsini tələb edir. İnanın mənə, xanımlar və bəylər, Xocalı ədaləti öz yerini ya bu dünyada, ya da o axirətdə mütləq tapacaq.

Ermənistan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir. Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyona yaxın əhalisi isə qaçqın və məcburi köçkün həyatını yaşayır. Bu tədbir Xocalı qurbanları və yeganə arzusu ata-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayan azərbaycanlılara həsr edilib”.