İslam Kərimovun qızı açıqladı - “Atam beyin qanaması keçirib”

islam-kerimovun-qizi-aciqladi
Oxunma sayı: 7581

Durumu qəfildən pisləşərkən xəstəxanaya yerləşdirilən Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tillayevə atasının səhhəti ilə bağlı instagram hesabında paylaşım edib.

Qafqazinfo” xəbər verir ki, Lola ailə fotosunu paylaşaraq atasının beyin qanaması keçirdiyini, hazırda səhhətinin stabil olduğunu və reanimasiyaya yerləşdirildiyini yazıb: “İndidən onun gələcək vəziyyəti ilə bağlı proqoz vermək tezdir”.

Qeyd edək ki, hökumətin yaydığı rəsmi məlumatda isə onun tam müayinəyə ehtiyac duyduğu açıqlanıb, lakin prezidentin xəstəliyinin diaqnozu barədə məlumat verilməyib.

Özbəkistan Nazirlər Kabinetinin dövlət başçısının xəstəxanaya yerləşdirilməsi ilə bağlı yaydığı məlumat nəinki ölkə daxilində, həmçinin dünyada da geniş müzakirələrə yol açıb.

Sputnik Özbəkistanın əməkdaşları isə İslam Kərimovun ciddi xəstəliyi olacağı və bir daha sağalmayacağı təqdirdə ölkə başına kimin keçə biləcəyini araşdırıblar.

Bu cür neqativ düşünməyə səbəb isə daha əvvəl də xəstəliyi ilə bağlı şayiələr yayılsa da, hökumətin ilk dəfə bununla bağlı rəsmi açıqlama yayması olub. Bu isə prezidentin xəstəliyinin ağırlaşmasından xəbər verir. Qanunvericiliyə görə, prezident öz səlahiyyətlərini dövlət orqanı və ya səlahiyyətli şəxsə ötürə bilməz.

Bu səbəbdən də, əgər dövlət başçısı ciddi xəstədirsə və öz səlahiyyətlərini icra edə bilmirsə, növbəti mexanizm işə düşəcək. Belə ki, onun öhdəliklərini müvvəqəti olaraq Ali Məclisin Senatı Niqmatulla Yuldaşev icra edəcək. Xalqa az tanış olan bu fiqur heç bir siyasi çəki daşımır. Demək olar ki, bütün karyerasını prokurorluq və ədliyyə orqanlarında keçirib, daha çox hakimiyyətin yeni prezidentə ötürülməsini təmin edən texniki persona olaraq bilinir. O, 3 ay müddətinə yeni ölkə başçısının seçilməsini təşkil edəcək.

Qanunvericiliyə görə, prezidentliyə namizədi ancaq siyasi partiya irəli sürə bilər. Ən ağlabat namizəd isə 2 nəfər göstərilir. Ölkə baş naziri Şavkat Mirzəyev və baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Azimov. Politoloqlar daha çox birincinin namizədliyi üzərində dayanırlar. 

Bir sıra əcnəbi politoloqlar isə İslam Kərimovun kiçik qızı Lolo Kərimova üzərində dayanırlar. Lakin Özbəkistanda onun namizədliyini heç kim hallandırmır Belə ki, onun nə siyasi təcrübəsi, nə ambisiyası, nə də platforması və belə bir addım üçün komandası belə yoxdur. Üstəlik şərq ölkəsində qadının hakimiyyət başına keçməsi də birmənalı qarşılanmaz.

Yerli politoloqlar hesab edir ki, bütün hallarda ən önəmli güc strukturlarının kimi dəstəkləməsidir. Belə ki, gələcək prezidentin kimliyi onlardan asılıdır.