İranlı kişilərdən möhtəşəm addım - Fotolar

iranli-kisilerden-mohtesem-addim
Oxunma sayı: 4426

İran kişiləri həyat yoldaşlarının haqlarını müdafiə etmək üçün sosial şəbəkələrdə “İndi növbə kişilərindir” kampaniyasına qoşulub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, kampaniyaya başlamaqda əsas səbəb ictimaiyyət arasında “Ledi Qol” kimi tanınan İran futbol klubunun kapitanı Nilufər Ardahanın əri icazə vermədiyi üçün komandanın növbəti matçının baş tutacağı Malaziyaya gedə bilməməsi olub. Belə ki, İranda cütlüklərin evlənən zaman izmaladığı müqaviləyə əsasən qadının səyahətə çıxması, işləməsi, boşanmaq üçün məhkəməyə müraciət etməsi yalnız ərinin icazəsindən sonra həyata keçə bilər. Maraqlıdır ki, kişilər istəsə, bu standart evlilik müqaviləsindən imtina edə bilər. Əlbəttə, bu müqavilədən imtina edən kişilər olsa da, çoxu bu məqamda qadınların yerinə qərar qərar qəbul etməkdən çəkinmirlər.

Nilufərə qarşı olunan bu haqsızlıqdan sonra gender bərabərliyini müdafiə edən kişilər kampaniyaya qoşularaq internet vasitəsi ilə həmcinslərinə səslənib. ABŞ-da yaşayan iranlı jurnalist Masih Alinejad ona göndərilən mesajları 1 milyona yaxın izləyicisi olan “My Stealthy Freedom” (mənim qaçaq azadlığım) səhifəsində paylaşır.
Səhifə keçən il iranlı qadınların haqlarını müdafiə etmək üçün yaradılıb və ilk dəfə ölkədəki məcburi baş örtüyü qanununu yox sayaraq başı açıq şəkil çəkdirən iranlı qadınların fotolarını yayımlanıb. Alinejad hazırda “İndi növbə kişilərindir” adlandırdığı kampaniyaya marağın böyük olduğunu və hər gün onlarla yeni fotonun göndərildiyini bildirib: “İranlı qadınlar nikah günü müqaviləni oxumadan nəyə imza atdıqlarını bilmirlər. Ölkədəki mühafizəkar qaydalara baxmayaraq xanımlarının haqqını müdafiə edənlər də az deyil. Ancaq bu kampaniyada iştirak edən şəxslərin iranlı kişilərin neçə faizini təşkil etdiyini demək müşkül məsələdir”.

Göndərilən mesajların bəzilərində “Həyat yoldaşıma bütün haqlarını təhvil verirəm” , “ Arvadımın sahibi yox, həyat ortağıyam” , “Həyat yoldaşımın haqlarına sahib olduğum üçün insanlığımdan utanıram” fikirləri qeyd olunub.

Qeyd edək ki, kampaniyaya qoşulan kişilər arasında Cənubi Azərbaycanlılar da az deyil.

Günel Hacı