Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Ankaranın Moskva ilə münasibətləri korlamaq istəmədiyini bəyan edərək, Rusiyanı bir daha “odla oynamamağa” çağırıb.
“Biz Rusiya ilə münasibətlərimizə önəm veririk. Putin deyir ki, “biz arxadan xəncərləndik”. Bu millət heç vaxt kimsəni arxadan xəncərləməz. Bu millət döş-döşə döyüşməyi yaxşı bacarır” – deyib Ərdoğan.
"Qafqazinfo"nun BBC-yə istinadən məlumatına görə, Türkiyə lideri həmçinin bir daha qeyd edib ki, Su-24 bombardmançı təyyarəsini vurmaq qərarını qəbul etmiş Türkiyə hərbçiləri onun hansı ölkəyə məxsus olduğunu bilməyiblər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə hökumətinin guya Türkiyə təyyarəçilərinin Rusiya təyyarəsini tanımadıqları barədə iddiasını rədd etmişdi.
Putin cümə axşamı Fransa prezidenti Francois Hollande-la görüşdərn sonra keçirdiyi müştərək mətbuat konfransında demişdi ki, Rusiya təyyarələrini tanımamaq qeyri-mümkün idi. O Ankaranın bu barədə bəyanatını “cəfəngiyyat və cığallıq” adlandırmışdı.
Recep Tayyip Ərdoğan Su-24-ün vurulmasının ardınca Putinin Türkiyəni tənqidini qeyri-məqbul adlandırmış və onunla yaranmış vəziyyəti üzbəüz müzakirə etmək üçün görüşmək istədiyini bildirmişdi.
Bundan əvvəl Fransa telekanalına müsahibədə Ərdoğan Vladimir Putinlə heç cür telefon əlaqəsinə girə bilmədiyindən gileylənmişdi.