Britaniyada təkrar referendum keçirilə bilər

britaniyada-tekrar-referendum-kecirile-biler
Oxunma sayı: 1418

Böyük Britaniyada ölkənin Aİ-yə üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2 milyondan çox insan imzalayıb.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, petisiya Britaniya parlamentinin saytında dərc edilib və ölkə parlamentinə müraciət kimi tərtib olunub. Sənəddə Böyük Britaniyanın Avropa İttifaqında (Aİ) üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün yeni referendumun keçirilməsinə dair imkanları araşdırmaq xahişi öz əksini tapib.

Birləşmiş Krallığın qanunlarına əsasən, belə bir petisiyanın parlamentdə baxılması üçün 100 min səs kifayətdir. İyunun 23-də keçirilmiş referendum isə tövsiyə xarakterli bir səsvermədir. Referendumun nəticələri parlamentin müzakirəsinə çıxarılmalıdır və deputatlar xalqın fikri ilə razılaşmaya bilərlər. Həmçinin parlamentarilər təkrar referendum təyin etmə hüququna malikdir.

Bir daha xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Petisiyaya iyunun 28-də parlament komitəsində baxılacağı gözlənilir.