“İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”

““İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”
Oxunma sayı: 184
“Qafqazinfo”nun məlumatına görə, artıq ikinci ildir ki, həyata keçirilən və maraqla qarşılanan layihənin əsas məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə olunmasıdır.

Giriş sözü ilə çıxış edən Azərbaycan İctimai - Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Nəbiyev Ölkə prezindetinin bütün sahələrlə yanaşı, təhsil sisteminə göstərdiyi diqqət və qayğının tələbələrin hərtərəfli tərbiyə və inkişafını təmin edən islahatların həyata keçirilməsində aydın nəzərə çarpdığını diqqətə çatdırmışdır. Tədbir haqqında danışan professor əsas məqsədin Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanmış abituriyentləri Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, teatrın hərtərəfli imkanlarından yararlanaraq təhsil sisteminə müsbət təsir göstərmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək olduğunu bildirmişdir. Tələbə adını qazanmış hər kəsi təbrik edən R.Nəbiyev tələbələrin bu məsuliyyətli adı şərəflə daşıyaraq Azərbaycanın adını hər zaman uca tutacaqlarına əminliyini dilə gətirmişdir.

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist, ASSİTEC-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov çıxışında bir sıra teatr müəssisələrinin, o cümlədən Gənc Tamaşaçılar Teatrının yüksək səviyyədə təmir olunmasının sözügedən mədəniyyət ocaqlarında nümayiş etdirilən tamaşalara öz müsbət təsirindən danışaraq, göstərilən tamaşaların müasir Azərbaycan gəncliyinin, tələbələrin dünyagörüşünün artırılmasındakı əhəmiyyətindən danışmışdır.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq şairi Söhrab Tahir tələbələrə qiymət kitabçası və tələbə biletlərinin teatrda verilməsini təqdirəlayiq olduğunu bildirərək, bunun Azərbaycan İctimai-Siyasi Universitetin müəllim heyətinin tələbələrə olan qayğısı kimi qiymətləndirmişdir.

Xalq şairi Nəriman Həsənzadə və akademik Teymur Bünyadov, universitetin prorektoru İfrat Əliyeva çıxışlarında tələbə adını qazanış hər kəsə yeni təhsil ilində müvəfəqqiyyətlər arzu etmişdir.

Universitetin filologiya fakültəsinin tələbəsi Hüseynzadə Zibeydə tədbiri yüksək səviyyəli təşkil etdiyinə görə, teatra və təhsil aldığı müəssisənin professor və müəllim heyətinə təşəkkürünü bildirmişdir.

Daha sonra universitetin professor və müəllim heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim etmişlər.

Tədbirdən sonra universitetin müəllim və tələbə heyətinə Gilyermo Fiqeyredonun “Ezop” tamaşası nümayiş etdirilmişdir. Tamaşada Əməkdar artistlər Leyli Vəliyeva, İlqar Cahangirov, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Rövşən Abbasov, Vahid Orucoğlu iştirak etmişlər. Tərbiyəvi əhəmiyyət daşıyan iki hissəli qəhrəmanlıq komediyası böyük mənəvi-estetik təsirə malikdir.

Məlumat üçün bildirək ki, tədbirin ssenari müəllifi teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılovadır.
Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!